• Bakı 18° C

    4.98 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

Ekspert nazirə haqq qazandırdı: “Gənc alimlər arxa cərgədə qalırlar”

CƏMİYYƏT

01 Mart 2024 | 17:00

Ekspert nazirə haqq qazandırdı: “Gənc alimlər arxa cərgədə qalırlar”

“Ali təhsil müəssisəsinin elmi şurası maliyyəni xərcləmə istiqamətini özü tənzimləməlidir. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib. Nazir bildirib ki, sözsüz ki, bu prosesə mümkün nəzarət ediləcək. E.Əmrullayev vurğulayıb ki, Azərbaycan elminin inkişafının qısa yollarından biri Türkiyənin ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərdir: "Onlar Azərbaycana gəlir, müəyyən müzakirələr edilir. Dil və məsafə yaxınlığı göstərir ki, türk ali təhsil müəssisələri ilə əməkdaşlıq vacibdir. Qısa zamanda nəticə əldə etmək istəyiriksə, buna davamlı şəkildə səy göstərməliyik. Hazırda bu zalda gənc alimlər arxada əyləşib, hesab edirəm ki, bu elm sahəsində gənclərə münasibəti göstərir. Onları özümüzdən uzaq tutmaq Azərbaycan elmində gənclərə verilən rolun göstəricisidir. Gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik”.

Nazirin diqqət yönəltdiyi məqamları Bakıvaxtı.az-a dəyərləndirən təhsil eksperti Elmin Nuri deyib ki, gənc alimlərin problemləri hamıya məlumdur.

Ekspertin sözlərinə görə, nazirin gənc alimlərlə bağlı ifadələri daha çox ironiya məqsədi ilə işlədilib:

“Yəni nazirin “gənc alimlərin arxada oturması onlara olan münasibətin göstəricisidir” sözündə kinayə var. Bu ironiya Azərbaycan cəmiyyətində hazırda gənc alimlərə yanaşması, onlara yaradılan şəraitin göstəricisidir. Gənc alimlər elmə olan ümumi münasibətin arxa cərgəsində əyləşiblər. Düşünürəm ki, nazir şüuraltı olaraq cəmiyyətə bunu təlqin etmək istəyir. Fiziki mənada arxada, yaxud qabaqda əyləşməyin heç bir fərqi yoxdur. Amma elmə münasibətin, bu sahədə yaradılmış şəraitin və alimin rifahının ön və arxa cərgəsindən söhbət gedirsə, bəli, burada gənc alimlər təəssüflər olsun ki, arxa cərgədə qalırlar. Sanki elmin qabağında addımlamaq, elmin müəyyən cığırında öndə yürümək yaşlı alimlərə xasdır. Özlərini ön cərgədə görmək istəyirlər. Burada psixoloji məqamlar, şüuraltı detallar da var”.

E. Nurinin fikrincə, nazirin “gənc alimlərə ev verilməməlidir, onların maaşı artırılmalıdır” sözü bir az nisbi məsələdir:

“Doğrudur, gənc alimlərin maaşları artırılmalı, onlara şərait yaradılmalıdır. Bu gün dünyada elm həm də pul gətirir. Elm və sənayenin birliyi, elm və istehsalat dünyasının əlaqələndirilməsi alimlərin qazanc mənbəyinə çevrilib. Bizim alimlərə də bu istiqamətləri göstərmək, onlara şərait yaratmaq lazımdır. Ev məsələsi sosial layihədir və dövlətin həyata keçirəcəyi məsələdir. Dövlət bunu edə də bilər, etməyə də bilər. Adətən, belə detallar sovet dövründən qalmış məsələlərdir. Sovet vaxtı alimlərə subaylara ayrı, evlilərə ayrı evlər verilirdi. Nazir də həmin ifadəni işlətməklə artıq köhnə baxışlardan xilas olaraq yeni dünyanın şərtləri əsasında inkişafa nail olmağı nəzərdə tutub. Subyektiv fikrimcə, nazir demək istəyib ki, artıq köhnə yanaşmalardan əl çəkmək, elmin və alim rifahının inkişafını başqa mexanimzlərdə axtarmaq lazımdır. Bu mexanimzlərin də önündə ilk növbədə maaş dayanır”.

Ayyət Əhməd


SON XƏBƏRLƏR