• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Gürcüstandakı etirazların siyasi dəstəkçisi ABŞ-dir, amma...

DÜNYA

02 Dekabr 2024 | 13:12

Gürcüstandakı etirazların siyasi dəstəkçisi ABŞ-dir, amma...

“Gürcüstan hakimiyyətinin Avropa İttifaqına üzvlük üçün danışıqları dayandırmasından sonra başlayan etiraz aksiyaları “Gürcü arzusu” Partiyasının seçkilərdən qazandığı qələbənin legitimliyini şübhə altında saxlamaq üçün icra olunan aktdır”.

Bu barədə Bakıvaxtı.az-a siyasi şərhçi Aqşin Kərimov bildirib.

A.Kərimov qeyd edib ki, Gürcüstandakı neqativ proseslər ona görə artan templə inkişaf edir ki, Avropa İttifaqı ilə əlaqələrin pozulması ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlıq prinsiplərini pozur:

“Yəni Gürcüstandakı etirazların yönləndiricisi və siyasi dəstəkçisi ABŞ-dir, amma inandırıcı gəlmir ki, Vaşinqtonun Gürcüstanla strateji tərəfdaşlığı dayandırması praktikada özünü doğruldacaq. Birincisi ona görə ki, görüntü olaraq Avropa İttifaqı və ABŞ seçki nəticələrini “tanımadığını” bildirsə də, Gürcüstanda etirazlar yolu ilə hakimiyyətin dəyişdirilməsi ehtimalı azdır. Bu isə həm Avropa İttifaqını, həm də ABŞ-nin Gürcüstan hökuməti ilə danışıqlar masasına oturmasını şərtləndirir və tərəflər əvvəl-axır ortaq bir yol tapacaq kimi görünür.

İkincisi, Gürcüstan regionda ABŞ-nin dəstək verdiyi Cənub Qaz Dəhlizinin tranzit ölkəsidir və bu, Ağ Evin nəzərində Tbilisi administrasiyasını tamamilə gözdən salmayan bir amildir.

Üçüncüsü, Azərbaycanla Türkiyə üçün Gürcüstanın təhlükəsizliyi vacibdir, mümkündür ki, Bakı ilə Ankara həm Rusiya, həm də ABŞ ilə Tbilisi barədə yaranan mübahisələrin nisbi həllinə nail olmağa çalışır”.

“Bəs ABŞ-ni daha dərindən narahat edən nədir” sualına gəlincə, A.Kərimov bildirib ki, “Gürcü arzusu” hakimiyyəti gələcəkdə Rusiya ilə danışıqlar fonunda Qara dənizdə Moskvaya təhlükəsizlik zonasına şərait yarada bilər:

“Bu, Rusiyanın Ukraynada apardığı hərbi kampaniya fonunda Moskvaya əhəmiyyətli bir jest hesab oluna bilər. Çünki Rusiya Qara dənizin öz ərazilərində yerləşən donanmasının Ukraynanın legitim hədəfi olduğuna şübhə etmir, amma donanmanın bir hissəsi Gürcüstanın ərazi sularına dislokasiya edilsə, Kremlin çətinlikləri azalar”.

Aqşin Kərimov: Azərbaycanla Türkiyə üçün Gürcüstanın təhlükəsizliyi vacibdir

Digər tərəfdən, bəzi ekspertlər proseslərə ancaq Rusiya-Qərb qarşıdurmalarının nəticələri ilə baxır. Müsahibimiz isə fərqli, lakin qabardılmayan bir məcranı da bura əlavə edir:

“Maraqlısı budur ki, Gürcüstanda Çin də əhəmiyyətli oyunçuya çevrilir. Üstəlik Gürcüstan Çindən başlayan və Azərbaycanın da iştirak etdiyi Orta Dəhlizin iştirakçısıdır. Məntiq nə deyir? Məntiq belə nəticə çıxarmaq üçün əsas yaradır ki, regionda Orta Dəhlizin inkişafı Avropa İttifaqının marağında olsa da, Rusiyanın maraqları ilə kəsişir. Deməli, regionda Rusiya özündən yan keçən Orta Dəhlizin parametrlərinə nüfuz etməyə çalışır, ABŞ isə Çinin iqtisadi portfelinin böyüməsinin Pekinin regionda siyasi nəticələrə hədəflənmiş strategiya yeridə biləcəyindən narahatdır”.

Qeyd edək ki, Gürcüstanda noyabrın 28-dən başlayan aksiyalar davam edir.

Aydın Baxış


SON XƏBƏRLƏR