Noyabrın 24-nün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Günü kimi qeyd edilməsi təklif olunub.
Bakıvaxtı.az xəbər verir ki, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal TDT ölkələri QHT-lərinin Həmrəylik Forumunda keçirilən "Azərbaycan-Qazaxıstan QHT-lərinin əmakdaşlıq Forumu" adlı paneldə çıxış edərkən bu təklifi dilə gətirib.
O, Azərbaycanın türk dünyasının inkişafı üçün böyük işlər gördüyünü vurğulayaraq bu çərçivədə Azərbaycan-Qazaxıstan əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
A.Camal daha sonra Xəzər dənizinin ekoloji problemlərinə diqqət çəkib. QHT rəhbəri hər iki ölkənin ictimai təşklatlarının Xəzərin dayazlaşması probleminə qarşı birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirib.
Qeyd edək ki, bu gün Bakıda ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu baş tutub. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası vətəndaş cəmiyyətlərindən ümumilikdə 500-dən çox nümayəndə iştirak edir.
Bakı 



