• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Azərbaycan XİN-dən sərt mövqe: Sobhaninin Xankəndi ilə bağlı iddiaları diplomatik manipulyasiyadır
SİYASƏT
09 Iyul 2025 | 16:00

Azərbaycan XİN-dən sərt mövqe: Sobhaninin Xankəndi ilə bağlı iddiaları diplomatik manipulyasiyadır

İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhaninin Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün yekun sənədi - Xankəndi Kommünikesi - ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sərt reaksiyasına səbəb olub.

Nazirliyin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib ki, səfirin sənədin razılaşdırılmadan qəbul edildiyi və İranın ona qeyd-şərt qoyduğu barədə dedikləri həqiqəti əks etdirmir. Qeyd olunub ki, kommünike sədr xülasəsi formatında hazırlanaraq İƏT-in rəsmi saytında dərc edilib və bu, əvvəlki zirvə toplantılarında da tətbiq olunan standart prosedurdur. XİN İranın bu məsələdə tutduğu mövqeni “siyasi manipulyasiya və riyakarlıq” adlandırıb.

İndi yaranmış vəziyyətin təhlili göstərir ki, İranın bu cür bəyanatla çıxış etməsi təkcə texniki prosedur məsələsi deyil, daha çox regiondakı nüfuz uğrunda gedən diplomatik rəqabətin tərkib hissəsidir. Tehranın narahatlığı, Xankəndidə keçirilən yüksək səviyyəli sammitin Azərbaycanın ərazi bütövlüyü fonunda baş tutması və yekun sənəddə bu statusun dolayı şəkildə tanınması ilə bağlı ola bilər. İranın Ermənistan üzərindən Cənubi Qafqazda geosiyasi mövqeyini qorumağa çalışdığı bir vaxtda Xankəndi Zirvəsi Bakı üçün ciddi diplomatik uğur sayılır. Bu uğurun sənədləşdirilmiş formada yayılması isə Tehranı narahat edən əsas faktorlardandır.

Digər tərəfdən, Azərbaycan haqlı olaraq xatırladır ki, İran da daxil olmaqla bütün İƏT üzvü olan İslam ölkələri iyun ayında İstanbulda keçirilən Nazirlər Şurasında qəbul edilən sənədlərdə Qərbi Azərbaycan İcmasının qayıdış hüququnu tanıyıb və bu hüququn inkarını pisləyib. Belə olan halda, Xankəndi Kommünikesi həmin mövqelərin davamı kimi çıxış edir və heç bir ölkənin ona təkbaşına etiraz bəyanatı verməsi diplomatik baxımdan əsaslı sayıla bilməz.

Beləliklə, İran səfirinin açıqlaması yalnız regional balansı pozmayan, lakin siyasi görüntü məqsədi güdən, daxili və regional auditoriyaya hesablanmış gediş kimi dəyərləndirilə bilər.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR