• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Nüfuzdan düşən müəllim - Qalib İbrahimoğlu yazır
YAZARLAR
27 Yanvar 2022 | 15:45

Nüfuzdan düşən müəllim - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Biz elə bilirdik, müəllim çörək yemir. Bizə elə gəlirdi ki, müəllim toyda oynamır. Müəllimimizi məktəbdən kənarda görəndə gizlənərdik, elə bilirdik ki, “niyə dərs oxumaq əvəzinə gəzirsən” deyəcək.

Müəllim bizi döyüb də, küncə də qoyub. Təbii ki, onun bağında işləmədiyimizə görə, onun yanına hazırlığa getmədiyimizə görə yox! Nadincliyimizə, dərs oxumadığımıza görə olub bunlar. Amma biz döyüləndə, küncdə duranda bunu evdə deməzdik ki, “nəyə görə” sualına cavab verməmiş müəllimin bir silləsindən beşqat artığını “yeyəcəyik”.

Təbii ki, bunlar MÜƏLLİM sözünə hörmət olunduğu vaxtlar idi. Bu adın daşıyıcıları da özlərinə hörmət qoyar, başqasını da ona hörmətlə yanaşmağa məcbur edərdi. Amma indi…

Son günlər orta məktəblərimizdə baş verən hadisələr hər kəsi düşündürməli, düşündürüb də bu hadisələrdən necə qurtarmağın yollarını axtarmağa sövq etməlidir. Axı, MÜƏLLİM niyə nüfuzdan düşüb?

Müəllim heç bir uşağa “gözün üstə qaşın var” deyə bilməz. Desə, uşaq qaşını çatıb, deyilməyən sözləri də üstünə qoyub, valideyninə çatdıracaq. Təbii ki, valideyn də zəng vurub müəllimə dişinin dibindən çıxanı deməklə kifayətlənməyəcək, səhərin açılmasını gözləyəcək ki, gedib müəllimin “dərsini versin”.

Müəllim heç bir uşağa sillə nədi, çırtma belə vura bilməz. Uşaq bunu valideyninə “müəllim məni təpiklə vurdu” kimi çatdıranda, hansı qiyamətin qopacağını təsəvvürünüzə gətirin. Şagirdin ata-anası bir yana, xala-bibisi, əmi-dayısı həmin müəllimlə mütləq “haqq-hesab çürütməlidirlər”. Ki, müəllim bir də həmin şagirdin adını jurnaldan oxuyanda ehtiyatlı olsun.

Şagird məktəbdə ayağını partanın üstünə qoya bilər. Şagird divardan asılmış portretləri götürüb dərs zamanı hər hoqqadan çıxa bilər. Amma müəllim heç nə deməməlidir, Deyə bilməz. Deməməyinin, deyə bilməməyinin də cavabı töhmət olmalıdır. Əslində, töhmət “bu görüntülər Azərbaycan məktəbində çəkilməyib” deyib də, ardınca müəllimini müdafiə edə bilməyən nazirliyə verilməliydi.

Əminəm ki, 165 nömrəli məktəbdəki görüntülərə baxan hər kəs “yəqin o uşaqlar evdə də elədirlər” deyib. Amma inandırım sizi, elə deyil. Ayağını partanın üstünə qoyan həmin o şagird evdə divanda oturanda belə ayağını ayağının üstünə aşıra bilməz. Nədən ki, bunu ata-anaya hörmətsizlik kimi qəbul edəcək. Amma müəllimə qarşı hər cür hörmətsizlik etmək olar.

Portreti əlində tutub oynayan uşaqlar evlərində dəhlizdə divardan asılmış hansısa mənzərə rəsminin tozunu siləndə belə, diqqətli olurlar ki, birdrən rəsm əyri qalar, el diliylə desək, anası “basıb gözünü çıxarar”. Amma məktəbin əmlakıdır deyib, ziyan vurmaq olar.

Müəllimlərin nüfuzdan düşməsinin günahkarı özləridir. Nə qədər ki, müəllimlər (təbii ki, hamısı yox) Müəllim Günündə, 8 Martda, ad günündə… valideynlərə hətta kart nömrəsini göndərib, “hədiyyədənsə ona verəcəyiniz pulu bu karta köçürün” deyəcək, müəllim-şagird münasibətlərinin normallaşacağını gözləməyə dəyməz.

Nə qədər ki. müəllim (yenə təbii, hamısına aid deyil) onun yanına hazırlığa getməyən uşağa “get, dərsi də səni hazırlaşdıran müəllim başa salsın” deyəcək, şagirdlərlə müəllimlərin ulduzu barışmayacaq.

Və nə qədər ki, müəllimlər (burda da istisnalar var) seçkidən-seçkiyə “karusel”də iştirak edəcək, bülleten gizlədəcəklər, nüfuzları olmayacaq...

Vəssalam…


SON XƏBƏRLƏR

24 Aprel 2024