• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Azərbaycan–Aİ münasibətlərində yeni mərhələ: Enerji, nəqliyyat və geosiyasi əməkdaşlığın gələcəyi

SİYASƏT

25 Aprel 2025 | 16:14

Azərbaycan–Aİ münasibətlərində yeni mərhələ: Enerji, nəqliyyat və geosiyasi əməkdaşlığın gələcəyi

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.

Görüş təkcə ikitərəfli münasibətlərin bugünkü vəziyyətini deyil, həm də strateji istiqamətlərdə gələcək inkişaf perspektivlərini müəyyən edən bir platformaya çevrilib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, görüşdə ən çox diqqət çəkən məsələlərdən biri enerji əməkdaşlığı oldu. Kaya Kallas Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu vurğulamaqla yanaşı, bu tərəfdaşlığın səmərəli nəticələr verdiyini xüsusi qeyd etdi. Prezident İlham Əliyev də öz növbəsində, Cənub Qaz Dəhlizinin 4 il ərzində Avropanın qaz təchizatında mühüm rol oynadığını və artıq 10 Avropa ölkəsini, o cümlədən Aİ-nin 8 üzvünü Azərbaycan qazı ilə təmin etdiyini bildirdi. Bu fakt, Azərbaycanın enerji ixracatında strateji dönüş nöqtəsi olmaqla yanaşı, ölkəmizin enerji diplomatiyasının Aİ ilə qarşılıqlı maraqlara əsaslanan uğurlu nəticəsidir:

"Azərbaycanın enerji sahəsində Avropa İttifaqı ilə qurduğu əməkdaşlıq, yalnız qaz ixracı ilə məhdudlaşmır, həm də uzunmüddətli enerji strateqiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Bu əməkdaşlıq, Avropanın enerji təchizatında şaxələndirmə siyasətinə cavab verməklə yanaşı, Azərbaycanın beynəlxalq enerji bazarlarında mövqeyini gücləndirir. Əldə olunan uğurlar, ölkəmizin dayanıqlı enerji tərəfdaşı kimi etimad qazandığını və gələcəkdə yaşıl enerji sahəsində daha geniş əməkdaşlıq üçün zəmin yaratdığını göstərir".

Onun sözlərinə görə, Əliyevin diqqətə çatdırdığı mühüm istiqamətlərdən biri də bərpaolunan enerji oldu:

"Azərbaycanın Xəzərin milli sektorunda zəngin külək enerjisi potensialı və bu istiqamətdə Mərkəzi Asiya ilə Transxəzər enerji dəhlizi layihələrində fəal iştirakı onu yaşıl enerjiyə keçiddə regional lider statusuna yüksəldir. Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstan kimi ölkələrin də daxil olduğu enerji əməkdaşlığı, Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ marşrut axtarışlarına cavab verir".

Asim Mollazadə: Münasibətlər qarşılıqlı maraqlara, iqtisadi faydaya və regional sabitliyə əsaslanır

Deputat qeyd edib ki, görüşdə nəqliyyat bağlantılarının inkişafı məsələsinə də toxunuldu. Azərbaycanın vacib geosiyasi məkanda yerləşməsi və nəqliyyat dəhlizlərində iştirakının artması onu Cənubi Qafqazda tranzit mərkəzi kimi önə çıxarır. Orta Dəhliz (Transxəzər beynəlxalq nəqliyyat marşrutu) və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr bu kontekstdə strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Ermənistanla münasibətlərin ikitərəfli əsasda normallaşdırılması üçün atılan addımlara və aparılan müzakirələrə dair verdiyi açıqlamalar, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına dair Azərbaycanın real siyasi iradəsini göstərir. Bu yanaşma həm də Aİ-nin regionda sabitlik və təhlükəsizlik baxımından maraqlarına uyğun gəlir:

"Azərbaycanın nəqliyyat sektorundakı rolu təkcə regional deyil, həm də qlobal logistik zəncirlər baxımından getdikcə daha əhəmiyyətli hala gəlir. Orta Dəhliz çərçivəsində həyata keçirilən infrastruktur layihələri, Şərqlə Qərb arasında daha sürətli və təhlükəsiz ticarət marşrutları yaradır, bu isə Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsindəki mövqeyini möhkəmləndirir. Eyni zamanda, bu proseslər ölkənin iqtisadiyyatına yeni investisiyaların cəlb olunmasına, ticarət dövriyyəsinin artmasına və regionda dayanıqlı inkişafın təmin edilməsinə töhfə verir".

Nəticə olaraq A.Mollozadə diqqətə çatdırıb ki, 25 aprel görüşü Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq yalnız enerji sahəsində deyil, həm də nəqliyyat, bərpaolunan enerji və geosiyasi dialoq sahələrində yeni mərhələyə qədəm qoyduğunun sübutudur:

"Bu münasibətlər qarşılıqlı maraqlara, iqtisadi faydaya və regional sabitliyin qorunmasına əsaslanan strateji tərəfdaşlıq modeli kimi dəyərləndirilə bilər. Geosiyasi dialoq və təhlükəsizlik sahəsində də tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndiyi müşahidə olunur. Cənubi Qafqaz regionunda davamlı sülhə nail olunması üçün Azərbaycanla Avropa İttifaqı arasında aparılan məsləhətləşmələr və siyasi dəstək, bu tərəfdaşlığın dəyərinin yalnız iqtisadi müstəvidə deyil, eyni zamanda regional sabitlik və təhlükəsizlik arxitekturasında da açıq şəkildə təzahür etdiyini göstərir".

Əli Hüseynov


SON XƏBƏRLƏR