“Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi çox böyük tarixi əhəmiyyət kəsb etdi. Bu konfransa layiqincə ev sahibliyi etdik və bunu dünya etiraf edir”.
Bu sözləri Bakıvaxtı.az-a deputat Arzu Nağıyev COP29-un yekunlarından danışarkən deyib.
Onun sözlərinə görə, 196 dövlətin və Avropa İttifaqının dəstəyi ilə tədbirin Azərbaycanda keçirilməsinə qərar verildi:
“COP28-dən sonra cəmi 11 ay ərzində hazırlıq işlərini baş çatdırmaq, böyük bir tədbirə ev sahibliyi etmək Azərbaycan lideri İlham Əliyevin düzgün apardığı daxili və xarici siyasətin təcallasıdır. COP29-un açılış mərasimində 72 mindən artıq şəxsin qeydiyyatdan keçməsi, 80-dən çox ölkənin rəhbərlik səviyyəsində təmsil olunması bir daha göstərdi ki, tədbirin təşkilatçılığı ən yüksək səviyyədə idi”.
Müsahibimiz bildirib ki, bəzi dövlətlərin COP29-un Bakıda keçirilməsini əngəlləməyə cəhd göstərmələrinə rəğmən tədbir ən yüksək səviyyədə baş tutdu. Həmin dövlətlər öz maraqları naminə bu konfransın reallaşmasına mane olmaq istəyirdilər:
“Onlar “insan haqları”, “siyasi məhbus” məsələlərini gündəmə gətirərək, öz məkrli siyasətlərini həyata keçirməyə çalışırdılar, ancaq cəhdləri baş tutmadı. Konkret olaraq, Fransa və Almaniya çalışırdı ki, proseslərdən öz xeyirləri üçün nələrsə əldə etsinlər. Açılış mərasiminində iştirak edən rəhbər şəxslər bəyan etdilər ki, bu proseslərdə Azərbaycan öndə gedən dövlətlərdən biridir. Qoşulmama Hərəkatının üzvləri, digər dövlətlər birmənalı şəkildə Azərbaycanın bu addımını dəstəkləyir. Bunu tədbirin açılışda prezident İlham Əliyev də vurğuladı. BMT-nin baş katibi Antonio Quttereş də fikirlərini bildirdi”.
Konfransın əsas məqsədinə diqqət çəkən deputat vurğulayıb ki, başlıca hədəf dünyada havanın temeperaturunun azaldılması ilə bağlı ciddi dəyişikliklərin əldə edilməsidir:
“Azərbaycan bu məsələyə daim dəstək verməkdə maraqlı idi və dəstəyini sübuta yetirdi. Fransa, Ermənistan və bu niyyətli bəzi dövlətlərin konfransa qatılmaması Azərbaycan üçün vacib deyildi. Havaya ən çox karbon dioksid atan, təbiəti zəhərləyən dövlətlər, məhz Fransa, Almaniya və digərləridir. Dəfələrlə Avropa İttifaqı Azərbaycanı enerji təhlükəsizliyinə olan təhdidin qarşısını alan dövlət kimi tanıdı, müqavilələr imzladı. Təəssüflə qeyd edim ki, bu gün özlərini siyasətçi adlandıran bəzi şəxslər bu konfransada iştirak etmədilər. Bu da bizim üçün önəmli deyildi”.
A.Nağıyevin sözlərinə görə, əsas məsələ o idi ki, BMT-nin ən yüksək səviyyəli konfransı məhz Azərbaycanda baş tutdu. Azərbaycanın ev sahibliyi ilə reallaşan COP29-un nəticəsi olaraq, inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı maliyyə məqsədi razılaşması elan edldi:
“Bakı maliyyə məqsədi inkişaf etməkdə olan ölkər üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək məqsədilə inkişaf etmiş ölkələrin əsas hədəfini bir daha ortaya qoydu. Məlumdur ki, əvvəlki COP tədbirləri ilə müqayisədə 50 milyard dollar vəsait artıqdır. Bəzi mərkəzlər Azərbaycanın buna nail ola biləcəyinə şübhə ilə yanaşsalar da, ölkəmiz nəyə qadir olduğumuzu bir daha sübut etdi. Azərbaycanı sevməyən qüvvələr yanıldılar. Bir daha anladılar ki, Azərbaycan yalnız ev sahibliyi deyil, eyni zamanda böyük tədbirlərin təşkilatçılığında da irəlidədir. COP29-la inkişaf etməkdə olan ölkələr üçün əsas iqlim maliyyəsi hədəfinin 3 dəfə artırılmasını təmin etdik. Bir sıra qlobal maliyyə strukturlarını həmişəlik dəyişdik. Bununla dünyanın təhlükəsizliyinə təhdid olan, ən ciddi problemlərdən birinə çevrilən, gələcək genefondun məhvinə gətirib-çıxara bilən böyük bir problemin qarşısının alınmasına ciddi səylər göstərdik. Bir da sübut etdik ki, prezident İlham Əliyevin Azərbaycan xalqı ilə birlikdə həyata keçirdiyi daxili, eləcə də xarici siyasət müstəqil və davamlıdır”.
Qeyd edək ki, noyabrın 23-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar iclası keçirilib. Plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olunub. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul olunub. Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır.
Aydın Baxış