• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Azərbaycanın Avropa siyasi məkanında artan rolu: İlham Əliyevin Tirana səfəri və strateji mesajlar

SİYASƏT

16 May 2025 | 16:21

Azərbaycanın Avropa siyasi məkanında artan rolu: İlham Əliyevin Tirana səfəri və strateji mesajlar

Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı, Avropanın gələcəyi və qitənin siyasi-iqtisadi təhlükəsizliyi baxımından əhəmiyyətli bir platformadır.

Bu tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təkcə dövlətlərarası dialoqa qatılmayıb, həm də ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirmək istiqamətində əhəmiyyətli mesajlar verib. Sözügedən zirvə toplantısı 50-yə yaxın ölkənin liderlərini bir araya gətirib. Belə geniş tərkibli və strateji mahiyyətli bir tədbirdə Azərbaycanın iştirakı, ölkənin regional və qlobal miqyasda artan çəkisinin göstəricisidir. Prezident İlham Əliyevin həm tədbirin plenar sessiyalarında iştirakı, həm də paralel olaraq bir sıra Avropa liderləri ilə keçirdiyi ikitərəfli görüşlər, Azərbaycanın diplomatik fəallığının mühüm nümunəsi kimi qiymətləndirilə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, ən diqqətçəkən görüşlərdən biri də Azərbaycan Prezidentinin Fransa rəhbərliyi ilə keçirdiyi təmas olub. İki ölkə arasında son illərdə yaranmış gərginlik fonunda bu görüş diplomatik cəbhədə yeni imkanların müzakirəsi baxımından əhəmiyyətlidir:

"Ortaya çıxan görüntülər, tərəflər arasında səmimi bir ab-havanın mövcud olduğunu göstərir və bu, münasibətlərin normallaşması üçün ilkin addım ola bilər. Lakin bu yalnız bir başlanğıcdır — Fransanın ədalətli, qərəzsiz və obyektiv mövqe tutması üçün hələ ciddi siyasi iradə nümayiş etdirməsi tələb olunur. Azərbaycan cəmiyyətində Fransa ilə münasibətlərə dair haqlı narahatlıqlar mövcuddur. Bu baxımdan, rəsmi Parisin ermənipərəst siyasətdən uzaqlaşması, bölgədə sülh və əməkdaşlıq naminə real addımlar atması vacibdir. Bu istiqamətdə atılacaq müsbət addımlar, iqtisadi və siyasi əməkdaşlıq üçün yeni imkanlar yarada bilər".

Müsahibimizin sözlərinə görə, Tirana Zirvəsinin gündəliyindəki enerji təhlükəsizliyi, sənaye davamlılığı, rəqabətqabiliyyətlilik və miqrasiya kimi məsələlər, Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Xüsusilə enerji sahəsində Azərbaycan artıq Avropanın strateji tərəfdaşına çevrilib:

"Cənub Qaz Dəhlizi layihəsi bu sahədə mühüm nümunədir. İlham Əliyevin bu mövzular ətrafında apardığı müzakirələr Azərbaycanın enerji təchizatçısı kimi rolunun daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, sənaye davamlılığı və iqtisadi təhlükəsizlik kimi məsələlər, Azərbaycanın post-neft dövründəki inkişaf strategiyasına uyğun gəlir. Rəqəmsal iqtisadiyyat, yaşıl enerji keçidi, innovasiya və texnologiya kimi sahələrdə Azərbaycanın mövqeyini irəli aparmaq üçün bu tipli beynəlxalq platformalarda aktiv iştirak xüsusi əhəmiyyət daşıyır".

Elçin Xalidbəyli, politoloq

Həmsöhbətimiz həmçinin əlavə edib ki, İlham Əliyevin səfəri təkcə bir zirvə toplantısında iştirakdan ibarət deyil. Ölkəmizin başçısı bu səfərlə Azərbaycanın beynəlxalq aləmdə səsini daha gur və təsirli şəkildə çatdırmağa nail olub. Ermənistanla normallaşma prosesi, regionda davamlı sülhün təmin olunması, Zəngəzur dəhlizi və nəqliyyat infrastrukturlarının açılması kimi məsələlər Azərbaycan üçün əsas prioritetlərdir. Bu kontekstdə Avropa siyasi dairələrinə bu mesajların birbaşa ötürülməsi mühüm diplomatik hadisədir.

Son olaraq Elçin Xalidbəyli əlavə edib ki, İlham Əliyevin Tiranada keçirdiyi görüşlər, Azərbaycanın gələcək hədəflərinə çatması baxımından vacib diplomatik mərhələdir. Avropa ölkələri ilə dialoqun dərinləşməsi, əməkdaşlıq imkanlarının genişlənməsi və beynəlxalq arenada Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsi üçün belə tədbirlər strateji əhəmiyyət daşıyır:

"Azərbaycan bu cür zirvə görüşlərində iştirak etməklə təkcə siyasi dialoqu gücləndirmir, eyni zamanda ölkənin milli maraqlarını qlobal gündəmə çıxarır, tərəfdaşlarını daha yaxından tanıdır və mövqelərini konkret arqumentlərlə müdafiə edir. Bu isə müasir dövrdə uğurlu dövlətçilik və effektiv xarici siyasətin əsas şərtlərindən biridir".

Əli Hüseynov


SON XƏBƏRLƏR

16 May 2025