• Bakı 25° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Doha xətti: Hörmüz razılaşması ABŞ-İran qarşıdurmasını dayandıra bilərmi?

SİYASƏT

30 Iyun 2026 | 16:23

Doha xətti: Hörmüz razılaşması ABŞ-İran qarşıdurmasını dayandıra bilərmi?

ABŞ və İran arasında hücumların dayandırılması və Qətərin paytaxtı Dohada mümkün danışıqların keçirilməsi barədə məlumatlar regionda yeni diplomatik mərhələnin başlandığına işarə edir.

Axios ABŞ rəsmilərinə istinadən tərəflərin qarşılıqlı zərbələri müvəqqəti dayandırmaq və Hörmüz boğazı ətrafındakı gərginliyi müzakirə etmək niyyətində olduğunu yazıb. Eyni zamanda, İran tərəfi danışıqlarla bağlı məlumatları ehtiyatla qarşılayır və bəzi açıqlamalarda ABŞ-la rəsmi görüşün planlaşdırılmadığı bildirilir.

Bu ziddiyyət onu göstərir ki, proses hələ tam razılaşdırılmış diplomatik formatdan çox, “sınaq mərhələsində olan böhran idarəçiliyi” xarakteri daşıyır. Hörmüz boğazının əhəmiyyəti isə yalnız regional deyil, qlobaldır: 2024-cü ildə bu boğazdan gündəlik təxminən 20 milyon barel neft keçib ki, bu da dünya neft mayeləri istehlakının təxminən 20 faizinə bərabərdir. 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Hörmüz boğazı üzrə mümkün razılaşma gərginliyin azalması baxımından mühüm addım ola bilər, amma uzunmüddətli sabitlik üçün təkbaşına kifayət etməz. Çünki ABŞ-İran qarşıdurmasının kökündə yalnız dəniz yollarının təhlükəsizliyi yox, nüvə proqramı, sanksiyalar, İsrail faktoru və Körfəz ölkələrinin təhlükəsizlik narahatlıqları dayanır.

Onun fikrincə, əgər razılaşma sadəcə gəmilərin təhlükəsiz keçidi ilə məhdudlaşarsa, bu, daha çox müvəqqəti atəşkəs effekti yaradacaq:

“Uzunmüddətli nəticə üçün tərəflər arasında nəzarət mexanizmi, qarşılıqlı zəmanətlər və pozuntu halında diplomatik cavab sistemi olmalıdır. Hörmüz boğazı İran üçün təzyiq aləti, ABŞ üçün isə qlobal enerji təhlükəsizliyi məsələsidir. Ona görə də real sabitlik yalnız daha geniş təhlükəsizlik paketinin formalaşması ilə mümkün ola bilər”.

Politoloq qeyd edib ki, Doha görüşü önəmlidir, çünki Qətər artıq Yaxın Şərq diplomatiyasında etibarlı vasitəçi platformalardan birinə çevrilib. Dediyinə görə, ABŞ və İran birbaşa danışıqlardan çəkinəndə, Doha kimi neytral məkanlar siyasi çıxış yolu yaradır. Burada əsas məsələ yalnız görüşün keçirilməsi deyil, tərəflərin hərbi eskalasiyanı diplomatik müzakirə masasına daşımaq istəyidir:

“Lakin İranın bəzi mənbələrdə danışıqları təkzib etməsi prosesin hələ kövrək olduğunu göstərir. Bu, həm daxili auditoriyaya mesajdır, həm də Tehranın danışıqlara zəif tərəf kimi görünmək istəməməsi ilə bağlıdır. Buna görə Doha prosesi ciddi diplomatik imkan yaratsa da, hələ nəticəsi əvvəlcədən təmin olunmuş proses deyil”.

Həmsöhbətimiz hesab edir ki .vasitəçi ölkələrin rolu gələcək regional diplomatiyanın yeni modelini formalaşdıra bilər. Onun sözlərinə görə, Qətər və Oman kimi ölkələrin fəaliyyəti Yaxın Şərqdə yeni vasitəçilik modelinin formalaşdığını göstərir. Bu modelin əsas xüsusiyyəti odur ki, tərəflər bir-biri ilə açıq danışmasa belə, mesajlar neytral aktorlar üzərindən ötürülür:

“Oman uzun müddətdir ABŞ-İran xəttində sakit diplomatiya aparır, Qətər isə daha çox böhranların siyasi idarə olunması platforması kimi önə çıxır. Bu ölkələr böyük güc olmasalar da, etimad kanalı yaratmaq baxımından təsirli rol oynayırlar”.

Züriyə Qarayeva:  Tərəflər arasında etimad son dərəcə aşağıdır, hər hansı insident danışıqları poza bilər

Z.Qarayeva qeyd edib ki, gələcəkdə regionda münaqişələrin həlli yalnız Vaşinqton, Moskva və ya Brüsselin təşəbbüsləri ilə yox, məhz regional vasitəçilərin çevik diplomatiyası ilə də müəyyənləşə bilər. Amma vasitəçilərin uğuru tərəflərin real siyasi iradəsindən asılıdır.

“Bu proses ABŞ–İran münasibətlərində yeni mərhələ aça bilər, amma bunun üçün tərəflər taktiki razılaşmadan strateji dialoqa keçməlidir” deyən Z.Qarayeva bildirib ki, hazırkı mərhələdə əsas məqsəd müharibənin genişlənməsinin qarşısını almaq və Hörmüz boğazında kommersiya axınını bərpa etməkdir. Əgər bu mexanizm işləsə, növbəti mərhələdə nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələləri gündəmə gələ bilər.

Dediyinə görə, lakin tərəflər arasında etimad son dərəcə aşağıdır və hər hansı insident danışıqları yenidən poza bilər:

“ABŞ üçün əsas prioritet enerji bazarının sabitliyi və İranın hərbi fəallığının məhdudlaşdırılmasıdır. İran üçün isə əsas hədəf sanksiya təzyiqini azaltmaq, Hörmüz üzərində təsir imkanını qorumaq və danışıqlara məğlub tərəf kimi daxil olmamaqdır”.

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR