Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərindən sonra Paşinyan hökumətinin Avropa İttifaqına inteqrasiya siyasətini davam etdirəcəyi, eyni zamanda Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışacağı proqnozlaşdırılır. Lakin ABŞ-nin "Stratfor" analitik mərkəzi hesab edir ki, Baş nazir Nikol Paşinyanın parlamentdə konstitusiya dəyişiklikləri üçün kifayət qədər dəstəyi olmadığından bu istiqamətdə ciddi irəliləyiş gözlənilmir.
Bəs rəsmi İrəvan parlamentdəki bu kilidli vəziyyətə rəğmən Azərbaycanın şərtinə əməl edə biləcəkmi?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Oqtay Qasımovun sözlərinə görə, Ermənistanda parlament seçkilərindən sonra parlamentdə yaranmış siyasi qüvvələrin konfiqurasiyası ondan ibarətdir ki, Paşinyanın konstitusiya çoxluğu yoxdur. Konstitusiya dəyişikliklərinə gedilməsi və referendum keçirilməsi üçün Paşinyanın üçdə iki səsə malik olması lazımdır ki, bu da təmin olunmur:
"Amma bunu həyata keçirməyin digər vasitələri də var. Yəni, bunun üçün 40 min imza toplanaraq parlamentə təqdim olunmalıdır və parlament buna uyğun qərar qəbul etməlidir. Əgər parlament bu qərarı qəbul etmirsə, o zaman Ermənistan əhalisinin 300 min nəfərinin imzası ilə imzatoplama kampaniyası həyata keçirilir. Bundan sonra artıq parlamentin bu imzalara uyğun olaraq referendum keçirilməsi ilə bağlı qərar verməkdən başqa yolu qalmır".
Müsahibimiz qeyd edib ki, əslində, belə bir məsələnin olacağı əvvəlcədən proqnozlaşdırılırdı. Qeyd olunurdu ki, Qərbdən Ermənistanda konstitusiya dəyişiklikləri olmadan sülh müqaviləsinin imzalanması üçün təzyiqlər ola bilər. Azərbaycanın bu məsələdə mövqeyi aydındır: Ermənistanda konstitusiya dəyişdirilməlidir və ərazi iddiaları o konstitusiyanın preambulasından çıxarılmalıdır.
Oqtay Qasımov: Hal-hazırda top Ermənistanın meydançasındadır və onlar bununla bağlı qərar verməlidirlər
Qasımova görə, digər tərəfdən, əlbəttə ki, başqa istiqamətlərdə əlaqələr davam edə bilər. Politoloq vurğulayıb ki, yəni, sülh müqaviləsi imzalanmadan da Ermənistanla münasibətlər davam edə bilər, kommunikasiyalar açıla bilər. Xüsusilə də Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atıla bilər ki, bu addımlar etimad mühitinin güclənməsinə xidmət edə bilər:
"O baxımdan düşünürəm ki, əlbəttə ki, biz Ermənistanla sülh müqaviləsi olmadan da yaşaya bilərik. Amma bizim üçün də, xüsusilə də Ermənistan üçün də çox vacibdir ki, iki ölkə arasında sülh müqaviləsi bağlansın, münasibətlər sürətlə normallaşsın və bölgədə, Güney Qafqazda sülh və sabitlik mühiti bərqərar olsun. O baxımdan, hal-hazırda top Ermənistanın meydançasındadır və onlar bununla bağlı qərar verməlidirlər. Bir daha qeyd edirəm, istənilən vəziyyətdən çıxmaq üçün variantlar mövcuddur. Əgər Ermənistan hakimiyyəti reallıqları nəzərə alarsa və həqiqi şəkildə sülh müqaviləsinin imzalanmasını istəyirsə, o zaman qeyd etdiyimiz kimi digər variantlardan da istifadə edə bilər".
Oqtay Qasımov vurğulayıb ki, Ermənistan konstitusiyasına görə referendumun keçərli olması üçün seçicilərin yarıdan çoxu, yəni 50% + 1% iştirak etməlidir və onların da 50% + 1%-nin qəbul etdiyi qərar, yəni razılaşdığı məsələ artıq keçərli sayılır. Paşinyanın partiyasının seçkilərdə topladığı, yəni ona səs verən seçicilərin sayı əslində referendumun keçirilməsi və burada qərarın qəbul olunmasına imkan yaradır. Sadəcə olaraq, bunun üçün Ermənistan hakimiyyətinin siyasi iradəsi lazımdır. Əhali ilə daha ciddi işləyərək bu prosesin həyata, sürətli keçirilməsinə nail olması vacib və mümkündür.
Zeynəb Rzayeva
Bakı 



