• Bakı 18° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Məktəbin gələcəyi ilə bağlı 4 ssenari - Dos. İlham Əhmədov yazır
YAZARLAR
23 Noyabr 2022 | 12:22

Məktəbin gələcəyi ilə bağlı 4 ssenari - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Futuroloqlar məktəbin gələcəyi ilə bağlı 4 fərqli ssenari irəli sürürlər. Mahiyyəti belədir: məktəb dağıdılır, ya da məktəb təkmilləşir?

2020-ci il bizə göstərdi ki, təhsil dəyişə bilər və özü də olduqca çox kəskin şəkildə. Bəli, bu gün hər şey əvvəlki formasına qayıdıb, amma 20, 30, 50 ildən sonra məktəblərin aqibəti kim bilir nə olacaq? Bu sahədə 4 inkişaf ssenarisi mövcuddur.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Təhsilin gələcəyinə baxış” adlı tədqiqatda təhsilin gələcək inkişafı ilə bağlı 4 ssenari təhlil edilir.

1-ci ssenari. Məktəb getdikcə güclənir

Məktəb təhsilinin əsasları dəyişməz qalır. Məktəb sosiallaşma və təhsilin əsas institutudur. Sertifikat və diplomlar öz qüvvəsini saxlayır, təhsil müddəti artır - insanlar əmək bazarında şanslarını artırmaq üçün yeni peşə vərdişləri əldə etməyə çalışırlar.

Bu ssenaridə əhəmiyyətli struktur dəyişiklikləri yoxdur. Bu tip məktəblərdə standartlaşdırılmış kurikulum və qiymətləndirmə vasitələri var. Şagirdlər şəxsi maraq və məqsədlərindən asılı olaraq əlavə proqramların məzmununu seçə bilirlər, dərs cədvəlləri daha çevik olur, qarışıq təhsil formaları tətbiq olunur.

2-ci ssenari . Məktəb zəifləyir

Bu ssenariyə görə, rəqəmsal texnologiyalar təhsilin əsas impulsuna çevrilir. Ənənəvi təhsil sistemi dağılır. Valideynlər övladlarının təhsilində fəal iştirak edirlər (daha çevik iş saatlarına imkan verilir). Dövlət təşkilatları əsas təhsil mərkəzləri olmaqdan çıxır, indi onlar təhsil xidmətləri bazarında rəqabət aparmağa və rəqabətqabiliyyətli təhsil məhsulu təklif etməyə məcbur qalırlar. Əmək bazarında yeni peşələr əmələ gəlir, bu təhsildə dəyişikliklərə səbəb olur. Təhsil yönümlü ixtisasların və peşələrin sayı artır. Özəl platformalarda müstəqil pedaqoqlar, karyera məsləhətçiləri, aktual, yeni bacarıqlar üzrə analitiklər, pedaqoji mütəxəssislər formalaşır.

Təhsil konsaltinqi inkişaf edir. Buna fərdi, ailə və korporativ səviyyədə tələbat yaranır.

Rəqəmsal platformalar və onlayn təhsil üzrə məsləhət xidmətlərinə yüksək tələbat yaranır. Ümumiyyətlə, formal təhsil digər təhsil üsulları və növləri ilə inteqrasiya edilir: repetitorluq, onlayn kurslar, rəqəmsal xidmətlər v.s.

3-cü ssenari. Məktəb dəyişir

Məktəb ictimaiyyətlə əlaqələrin qorunduğu və eksperimental təcrübələrin həyata keçirildiyi açıq təhsil platformasına çevrilir. Təhsil sistemi artıq mərkəzləşmiş fəaliyyət və idarəetmə sahəsi olmur. İndi valideynlər, tələbələr və kənar təşkilatlar proqramlara, tədris metodlarına təsir göstərir, onlar hətta məktəbin bağlanması məsələsinini də həll edə bilərlər.

Təlimdə formal və qeyri-formal təcrübələrdən istifadə olunur, tədris qrafiki, dərs cədvəlləri daha çevik olur, kurikulumlar arxa plana keçir. Məktəb ictimai xadimləri və tərəfdaşları əməkdaşlığa cəlb edir - muzeylər, kitabxanalar, tədqiqat mərkəzləri məktəblə daha yaxından əməkdaşlıq edir.

4-cü ssenari. Məktəb dağılır

Süni intellektin və rəqəmsal texnologiyaların sürətli inkişafı dünyanın istənilən məkanında təhsil almağa imkan verir. Təhsil resurslarından istifadə etmək pulsuzdur, təhsil resusrsları tam açıqdır. Rəqəmsal köməkçilər üçüncü tərəfə və ya qurumlara müraciət etmədən biliklərinizi yoxlayır və bacarıqlarınızı qiymətləndirir. Təlim zamanı insanı süni intellektə malik köməkçi müşayiət edir, bu öyrənməyə daha yaxşı kömək edir, biliklərdəki boşluqları aradan qaldırır, bacarıqları yoxlayır və virtual təhsil ictimaiyyətinə təqdim edir. Artıq insanların müəllimə ehtiyacı yoxdur, müəllimlik peşəsi get-gedə yoxa çıxır. Mühazirələr, ustad dərsləri, vebinarlar rəqəmsal texnologiyalardan istifadə edən insanlar tərəfindən yaradılır - bu, hər kəs üçün tanış həyat formatına çevrilir.

Təhsilin gələcəyi ilə əlaqəli bax belə proqnozlar verilir. Təbii, bu pedaqoji ictimaiyyatı narahat edə bilər, amma dünyanın özünün də inkişaf istiqaməti xeyli narahatlıqlar doğurur. Ümumiyyətlə inkişaf bir çox sahələrdə elə sürətli gedir ki, heç bir strategiya qurmaq artıq mümkün deyil, proqnozlar özünü doğrultmur. Bu mənada İƏİT kimi nüfuzlu qurumun da proqnozu özünü doğrultmaya bilər. Bu mənada gələcəkdə təhsilin necə olacağını indidən dəqiqliklə söyləmək çətindir.

Bakıvaxtı.az 


SON XƏBƏRLƏR

18 Aprel 2024