Hazırda İmralı adasında həbsdə saxlanılan terrorçu Abdullah Öcalanın rəhbərlik etdiyi PKK terror təşkilatının tərksilah edilməsi və ləğvi müqabilində Türkiyə hökumətindən muxtariyyət və federallaşma istədiyi barədə iddia irəli sürülüb. Bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.
İddia bir sıra siyasi partiyaların təmsilçilərinin yaxınlarda həbsxanada PKK lideri ilə görüşdən sonra ortaya atılıb. Amma təmsilçiləri həmin görüşdə iştirak edən Milliyyətçi Hərəkat Partiyasından (MHP) bu xəbərə təkzib gəlib. MHP-dən bildirilib ki, İmralı həbsxanasında baş tutan görüşdə Abdullah Öcalan partiyaların rəsmilərinə belə bir istəklərinin olmadığını söyləyib. Ayrıca, o, PKK-nın tərksilah edilməsi üzrə etdiyi çağırışına sadiq qaldığını vurğulayıb.
Siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ömürlük həbsdə olan birinin Türkiyə dövləti qarşısında bu cür ciddi tələblər irəli sürməsi ağlabatan deyil.
Ekspert bildirib ki, bu, PKK terrorunun bitməsi istiqamətində hazırkı iqtidarın apardığı barışdırıcı və anlaşma siyasətinin də alt-üst olması demək olardı:
"MHP sədri Dövlət Baxçalının bu xəbəri təkzib etməsi onu göstərir ki, bu cür dezinformasiyalar Türkiyədə terrorun davam etməsini istəyən və barışı istəməyən qüvvələrin arzusunu əks etdirir. Hesab edirəm ki, Ərdoğan hakimiyyəti kifayət qədər danışıqlar aparmadan terrorun dinc yollarla dayandırılması projesini başlatmazdı. Ona görə də "Terrorsuz Türkiyə" layihəsinin davam edəcəyini düşünürəm”.

Həsrət Rüstəmov: "Terrorsuz Türkiyə" layihəsinin davam edəcəyini düşünürəm
Müsahibimiz vurğulayıb ki, Türkiyəni istəməyən, onun müstəqil regional və dünya siyasətindən narahat olan dairələr və dövlətlər var. Onlar qardaş ölkəni həmişə məşğul edən terror hadisələrinin bitməsini heç cür istəmirlər:
“Amma onu da bilmək lazımdır ki, böyümək, inkişaf etmək, sülh və rifah halında yaşamaq istəyən bir toplumun qarşısını daim kəsmək qeyri-mümkündür. Vaxt gələr, müxtəlif beynəlxalq oyunlara alət edilmiş qruplar hallarından agah olar və bu oyunlarda iştirakdan imtina edərlər. İndi Türkiyə üçün bu vaxt gəlib və inşallah qardaş ölkə düşmənlərinin bu oyunlarını pozacaq".
Aydın Baxış
Bakı 











