• Bakı 14° C

    7.72 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

Universitetlərimizin inkişafı diqqətdə saxlanılmalıdır - dos. İlham Əhmədov yazır
YAZARLAR
01 Dekabr 2022 | 15:34

Universitetlərimizin inkişafı diqqətdə saxlanılmalıdır - dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Bir neçə gün öncə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Feysbuk səhifəsində yazıb: “Mövcud ali təhsil sisteminin bir sıra elementlərini təkmilləşdirmək yox, tamamilə yenidən qurmaq məqsədəuyğun görünür. Bu baxımdan ali təhsildə gözlənilən nəticələri təmin edən faydalı dəyişikliklər, həm də tamamilə yeni mütəxəssislər olan pedaqoji dizaynerlərin bu prosesə cəlb edilməsini qaçılmaz edir".

Hörmətli rektorun bu fikrini dəstəkləyirik. Təəssüf ki, Ədalət müəllimin qeyd etdiyi kimi, universitetlərimizin kompleks dəyişikliklər etməyə bu gün nə strateji planları, nə səriştəli kadr potensialı, nə də digər resursları var. Təhsil Nazirliyi son 30 ildə sanki dünya ali təhsil məkanında gedən çox ciddi transformasiya proseslərindən tam bixəbər qalıb. Bu proseslər deyəsən, nazirliyi maraqlandırmayıb, narahat etməyib.

Universitetlərimiz öz məhdud imkanları ilə gündəlik cari məsələlərin həlli ilə məşğul olublar. Bu gün universitetlərimizin qlobal inkişafdan geriliyi ifrat həddə çatıb. Son 10 ildə universitetlərin inkişafına yönəli yalnız bir dövlət proqramı qəbul edilib: “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”. Bu proqram da az sayda ixtisaslar üzrə bəzi universitetlərin magistratura pilləsində ikili diplom proqramlarının yaradılmasını nəzərdə tutur. Bu məsələlər ali təhsil sistemində olan köklü problemlərin çox cüzi hissəsidir.

Hesab edirik ki, Azərbaycan universitetlərinin sürətli inkişaf yolu məhz Türkiyə universitetləri ilə inteqrasiyadan keçir. Biz TC universitetlərinin təcrübəsindən faydalanmalıyıq. Hərbi sahədə kadr hazırlığında əməkdaşlığımız NATO standartına əsaslandığı və yaxşı nəticələr verdiyi kimi, mülki sahədə də kadr hazırlığı Avropa (Boloniya) standartına və səmərəli rəqəmsallaşmaya əsaslanmalıdır.

Universitetlərin inkişafında kadr siyasəti çox mühümdür. Universitetlərdə kök atan dostluq, qohumluq, tanışlıq kimi arxaik prinsiplərə əsaslanan kadr siyasətindən imtina edilməli, savad və peşəkarlığa əsaslanan normal kadr siyasəti həyata keçirilməlidir.

Vəziyyətdən çıxış yolu kimi, müvəqqəti olaraq bəziuniversitetlərimizə Türkiyə universitetlərində rəhbər vəzifələrdə iş təcrübəsi (rektor və ya rektor yardımçısı) olan kadrları rektorlara müşavir kimi dəvət etmək yaxşı olardı. Bu halda ali təhsilimizin qlobal inkişafdan geriliyini tədricən aradan qaldırmaq mümkün olar. Biz bu gün Türkiyə və İran universitetlərindən 10-15 il geriyik. Qərbi Avropa universitetlərindən geriliyimiz isə daha çoxdur.

2009-cu ildə Firat Universitetində “Türkdilli ölkə universitetlərinin şəbəkə əlaqələrinin qurulması” adlı beynəlxaq konfransda iştirak etmişdik. Bu konfransda Türkiyənin sabiq baş nazirinin müavini iştirak edirdi. O, öz çıxışında dedi ki, Türkiyə Cümhuriyyəti coğrafi baxımdan türkdilli ölkələrdən qərbdə yerləşir. Onların Qərbə inteqrasiyasının yolu Türkiyədən keçir. Türkdilli ölkələrin universitetlərinin Qərb universitetlərinə tədricən yaxınlaşması üçün onların Türkiyə universitetləri ilə əlaqələri genişlənməlidirlər.

Yəni, bizim universitetlərin Qərb universitetlərinə az da olsa yaxınlaşması üçün növbəti 10-15 ildə onlar Türrkiyə universitetlərinə inteqrasiya edilməli, onların iş təcrübəsindən faydalanmalıdırlar.

Bakıvaxtı.az


SON XƏBƏRLƏR