“İrəvan qədim şəhərlərdən birisi hesab olunur. Bu şəhərin binası və təmiratı Zəngi adlanan çayın sol kənarında vaqe olubdur. Şəhərin bir hissəsi Zəngi çayının kənarında ucalmış təpə üstündə, digər bir hissəsi çuxurda düşübdür. Şimali-qərbi və şimali-şərqi tərəflərdən şəhər əhatə olunubdur uca təpələr ilə, amma cənub və qərbi-cənub tərəfləri açıq və düz yerlərdir ki, onda gözəl bağ, bağça və məzrələri vardır.
…Şəhri-İrəvan keçmişdə mərkəzi-üləma, füzəla və şüəra olub”.
İrəvan şəhərinin coğrafiyası ilə bağlı bu tərif-təyin görkəmli Azərbaycan ədəbiyyatşünası Firidun bəy Köçərliyə aiddir.
İndi Ermənistan Respublikasının paytaxtı olsa da, tarixdən bəlli olduğu kimi, ermənilər İrəvana geniş surətdə 1828-ci il Türkmənçay (Rusiya-Qacarlar) müqaviləsindən sonra, 1828-30–cu illərdə köçürülüb. 1918-ci ildə isə yeni qurulan - tarixdə ilk erməni dövlətinin - Ermənistan Respublikasının paytaxtı olub. - Tarixdə başqa belə fakt demək olar yoxdur, - yəni, bir şəhər 90 il içində ora mərhələlərlə köçürülmüş başqa bir xalqın paytaxtı statusunu daşısın… Çünki:
-Orada ərazi üzərində öncədən əhalisi olmayan bir şəhər deyil, mədəniyyətcə zəngin, müsəlman-türk şəhəri mövcud idi;
- 90 il öncə ora köçürülmüş bir xalq, uluslararası siyasi proseslərdən yararlanaraq həmin şəhəri özünün milli-siyasi paytaxtı elan etməyə nail oldu;
- Bu, şəhər-mülkiyyət və kimlik transformasiyasının dramatik, hüquqi baxımdan da problematik bir örnəyidir.
İrəvanda:
1829-cu ildə 9889 nəfər azərbaycanlı, 2174 erməni, 1831-ci ildə 7331 nəfər azərbaycanlı, 4484 erməni, 1886-cı ildə 7228 nəfər azərbaycanlı, 7142 erməni, 1897-ci ildə 12516 nəfər azərbaycanlı, 12529 erməni yaşayırdı.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul 1988-ci il tarixli iclasında keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov da vurğulayırdı ki, XX yüzilliyin əvvəlində İrəvan şəhərinin sakinlərinin 43 faizini azərbaycanlılar təşkil edirdi.
Artıq
1922-ci ildə bu qədim Azərbaycan şəhərində
5124 nəfər azərbaycanlı, 40396 erməni,
1926-cı ildə isə 4968 nəfər azərbaycanlıya qarşı 57295 erməni yaşamaqdaydı…
Şəhərin adı 1936-cı ilədək Erivan/İrəvan adlansa da, 1936-cı ildə dəyişdirilib rəsmən Yerevan qoyuldu...
Aydındır ki, şəhər əhalisi zorən dəyişən dinamika nümayiş etdirdiyi kimi, onun siması, infrastrukturu və s. də dəyişdirilirdi.
İrəvanda son yüzillikdə Ermənistan hökumətinə aid strukturların yerləşdiyi binalar azərbaycanlılara məxsus evlər, mülklər və hətta qəbristanlıqlar sökülüb-dağıdılaraq onların yerində tikilib. İndi Paşinyanın əyləşdiyi Hökumət Evi, Ermənistan parlamentinin, Ermənistan Prezidentinin, İrəvan meriyasının və b. binaları bir vaxtlar o koordinatlarda mövcud olmuş, bizimkilərə xas ev-eşik, mal-mülk, bağ-bağat və (artıq vurğuladğımız kimi) hətta məzarlıqların yerində alçaqlıqla “ucaldılıb”…
Belə tikililərin bəzisi İrəvanın ünlü azərbaycanlılarından Məhəmməd ağa Vəkilovun mülkünün yerində - onun tapulu torpağında tikilib. Biz bu yazıda Vəkilovlara vurğu etsək də, ümidvarıq, igər nəsillərin nümayəndələri də öz səsini (bir daha) ucaldacaq, daha konkret və azbilinən, unudulan bilgiləri ictimaiyyətə çatdıracaqdır. Və indiyədək bu planda iş görmüş, araşdırmalar aparmış, əsərlər yazıb kitablar bağlamış aydınlarımıza könül dolusu salam-sayğılarımı yetirirəm!
Haşiyə-1:
İRƏVAN VƏKİLOĞULLARI
Qazax-İrəvan-Şərur-Dərələyəzdə (eləcə də, Tiflis və Dərbənddə) məskunlaşan Vəkiloğulları - Vəkilovlar nəslinin bir hissəsi İrəvan şəhərində yaşayıb. Onların ulu babaları - Paşa bəy və Cəfər bəy Kərim bəy oğulları buraya Qazaxdan köçüb.
Vəkilovlar İrəvanda artıb-şaxələnib, həmin çağların bu türk-müsəlman şəhərində mötəbər ailələrdən sayılıb. Köhnə İrəvanda onların adını daşıyan "Vekilovskaya ulitsa" olub. Nəslin nümayəndələrindən Hacı Cəfər bəy İrəvanda məscid tikdirib. Sonralar, bir çox digər küçələr (Pənah Xan, Sultanlıq, Naxçıvan, Daşlı, Dəyirman, Karvansaraylar, Təpəbaşı küçələri, Qəriblər gecəsi, Məscid döngəsi və b) kimi həmin küçənin də adı dəyişdirilib.
Vəkilovların İrəvanda Təlmə adlanan bağları, dəyirmanları, çörək dükanları olub. İndiki İrəvanda "Rossiya" kinoteatrının qarşısından uzanan geniş ərazi də onların olub.
İrəvan Vəkilovlarının kökündə dayanan Paşa bəy Kərim bəy oğlunun İrəvana XIX yüzilin ortalarında köçdüyü təxmin edilir. Onun bu şəhərə gəlişinin səbəbi tam bəlli deyil.
Paşa bəydən bir oğul - Kərim bəy qaldığı güman edilir. Kərim bəyin də öz növbəsində üç oğlu olub - Məhəmməd bəy, Paşa bəy, Cəfər bəy (görünür, Hacı Cəfər bəydən oğul davamçı qalmadığından Kərim bəy əmisinin adını oğluna qoyub).
MƏHƏMMƏD AĞA VƏKİLOV
(MƏHƏMMƏD BƏY KƏRİM BƏY OĞLU VƏKİLOV)
Məhəmməd ağa şəhərin sayılan adamlarından olub. Onun övladları bunlardır: Kərim bəy, Qədim bəy, Yusif bəy, Hüseyn bəy, Səkinə xanım, Sura xanım, Həbib bəy.
İrəvan şəhərində doğulmuş ünlü Vəkilovlar:
Pofessor Telman Hüseyn oğlu Vəkilov -
bir müddət Azərbaycan SSR Qazlaşdırma Komitəsinin sədri, sonra (keçmiş) SSRİ-nin Neft-Qaz Sənayesi nazirinin müavini işləyib;
Polkovnik Qədim bəy Vəkilov -
Il Dünya müharibəsinin iştirakçısı olub, Berlinin azad olunmasında iştirak edib, Berlinin rayonlarından birinin hərbi komendantı olub;
Professor Vaqif Vəkilov - hazırda Tibb Universitetinində çalışır;
Məhəmməd ağa Vəkilovun oğlu Kərim bəy diplomatik fəaliyyətlə məşğul olub.
Böyük nəsil olan Vəkilovların İrəvan qolunun nümayəndələrindən həyatda olanlar var və onlar İrəvanda keçirdikləri günləri yaxşı xatırlayır.
(Haşiyənin sonu)
İrəvanda “Векиловская улица” - Vəkilov küçəsi
(Վեկիլով փողոց; خیابان وکیلوف (Xiyaban-e Vəkilov); Vakilov Street) mövcud olması, onların şəhərsalma və inzibati mühitdə tanınmış hüquqi subyekt olduqlarının göstəricisidir. O dönəmin gerçəklərini, dövrün iqtisadi intonasiyasını nəzərə alsaq, deməli, Vəkilovlar ticarət obyektləri (dəyirman, çörək dükanı və s.) – daşınmaz əmlak üzərində hüquqi mülkiyyət haqqını sübut edən iqtisadi göstəricilərə malik olub.
Ayrıca, “Təlmə/Dəlmə” adlanan bağlar və torpaq sahələri və s. – özəl torpaq mülkiyyətçiliyi hüququnun tarixi izidir.
Vəkilovlardan Hacı Cəfər bəyin tikdirdiyi məscid – yalnız ictimai nüfuz deyil, həm də mülki və dini hüquq əsaslı tanıqbəlgəsi (şəhadətnamə) kimi səciyyələndirilə bilər.
1924-cü ildə şəhərşünas-memar Aleksandr Tamanyanın (04.05.1878, Yekaterinodar (Krasnodar), Rusiya İmperiyası - 20.02.1936, İrəvan, Ermənistan SSR) işlədiyi baş plana əsasən İrəvanın mərkəzində Lenin (indiki Respublika) meydanı yaradılırdı. Burada əsas məqsəd Ermənistan SSR hökumətinin yerləşməsi üçün monumental bina tikmək, bununla da, İrəvanın klassik Azərbaycan (Türk-İslam) şəhəri imicini “Sovet Ermənistanının paytaxtı” imici ilə dəyişmək - şəhərə yeni obraz vermək olub.
Aydındır ki, İrəvanın simasını köklü şəkildə dəyişim planı yalnız bir tikili və bir küçə, bir meydanla ölçülmürdü. Bu plan içrə, Vəkilovların, eləcə də digər İrəvan azərbaycanlılarının torpaqları müsadirə olunub, mülkiyyət hüquqları pozulub, varidatları dağıdılıb.
Alternativ (və daha simvolik) məkan olan İrəvan Xan Sarayının ərazisi mərkəzi icra hakimiyyəti orqanları üçün məqsədli şəkildə seçilməyib (Hökumət Evi “Xan Sarayı” assosiasiyasında - paralel adında qalmasın deyə)… Saray isə sonradan yerlə bir edilib...
Hökumət Evi və çevrəsindəki yeni tikililərin memarlıq və ideoloji göstəricilərinə gəldikdə, onlar neoklassik və “erməni milli üslubu”nda tikilib, monumental görüntü yaradılıb. Müvafiq meydan və bina başda olmaqla, yeni tikililərlə “erməni dövlətçiliyi”nin simvolunu yaratmağa cəhd olunub (Respublika Meydanı, Hökumət Evi 1, 0010 İrəvan, Ermənistan; ətraf İnfrastruktur: Ermənistan Tarix Muzeyi, Milli Qalereya və s.)
Bütün bu vurğuladığımız məqamlar Sovet hakimiyyətinin İrəvanda öncəki mədəniyyət qatlarını yox etmək siyasəti ilə tam üst-üstə düşür...
Başqa vacib vurğular:
-Dövlət binaları tikilərkən yaxınlıqda sökülmüş binaların – o cümlədən Vəkilovlar mülkünün yararlı daş, ağac və s. materiallarından da istifadə edilib;
-Respublika Meydanı – sonradan Ermənistanın siyasi rəmzinə çevrilib və burada kütləvi siyasi aksiyalar, dövlət tədbirləri keçirilib. - O cümlədən şəhərin əsl sakinlərinin, Azərbaycanın, Türk-İslam aləminin əleyhinə çıxışlar edilib, Azərbaycanın, Türkiyənin bayraqları o meydanda qorxaqcasına ayaqlanıb, alçaqcasına yandırılıb…
Tarixi kontekst və texniki gerçəkliklər
Vəkilovların mülkü – İrəvanda yerləşən, yüksək zövqlə tikilmiş, ayrı-ayrı bölgələrdən gətirilmiş seçmə materiallarla ucaldılmış üçqatlı ev və yardımçı tikililərdən ibarət olub.
Əsasən İrəvan çevrəsindən (yaxınlarından) daşınmış materiallardan başqa,
ağac materiallar (palıd, qozqara, vələs, fıstıq) – Vəkilovlara doğma Şəmşəddil meşələrindən (indiki Tovuz-Qazax bölgəsi),
daşlar – İrəvanın ətraf dağlıq və bəzək daşları ilə zəngin ərazilərindən gətirilib.
Bəzi materiallar at arabaları ilə, bəzi hallarda (Trans-Qafqaz) dəmiryolu ilə daşınıb.
Naxışlı taxta şəbəkələr və ornamentli daş oymalar – dövrün zövqünə uyğun yerli ustaların əl, ağıl və ruhi gücüylə işlənib.
Müsadirə və yenidən istifadə mexanizmi
1920-ci illərdə sovetləşmədən sonra İrəvandakı bir çox azərbaycanlılara məxsus mülk:
• Dövlətləşdirilib (müsadirə olunub),
• Dağıdılıb və ya yenidən istifadəyə yönləndirilib.
Memarlıq baxımından praktika:
-Sökülən binaların saxlamalı və künc bağlama daşları – yenidən istifadə üçün ən yararlı materiallar sayılıb;
-Ən keyfiyyətli daşlar fasadların sütun bazalarında, karniz elementlərində, portal girişlərdə istifadə olunub;
-Şəbəkələr və bəzəkli ağac elementləri – daha çox interyer təmirində, pəncərə üstlüklərində, tavan naxışlarında və s. tətbiq edilib.
Hökumət binasında izlər…
Gəlin bu məqamda, memarlıq araşdırmaçıları üçün maraqlı paralellər (ritorik suallar) qurmağa çalışaq:
-Hökumət binasının karnizlərindəki qəhvəyi və açıq-boz rəngli daş parçaları, öncəki mülklərdən daşınmayıbmı?..
-Yerli tuf daşı ilə yanaşı, gözəgəlməz yerlərdə istifadə olunan materialların ikinci dərəcəli daşlardan olması, onların sökülmüş tikililərdən gəldiyini göstərmirmi?..
-Əgər azərbaycanlı mülklərinin yeni fotoşəkilləri və ya planları tapılsa, Hökumət Evi və çevrədəki 100 yaşlı tikililərdə detallar ilə müqayisə aparmaqla bənzərliklər ortaya çıxarıla bilməzmi?..
(XX yüzilin sonlarında Qarabağdan talanıb aparılmış ev materialları, hətta qəbristanlıqlardan çıxarılmış mərmərlər erməni generalların, imkanlı ermənilərin villalarında, bağ evlərində istifadə olunmayıbmı?..)
Mübaliğəyə nə hacət? - Vəkilovlar mülkünün ağac işləmələri və daşları, həmin dönəmin iqtisadi çətinliyi və material çatışmazlığı ortamında, sistematik şəkildə sökülüb, yenidən istifadə edilib… Özəl boyaların əldə edilməsi üçün Naxçıvan, Göyçə, İrəvan və b. yerlərdən yığılmış çöl bitkilərinin, ağac qabıqlarının emalı, habelə azərbaycanlılara məxsus ev quşlarının bir neçə aylıq yumurtasının toplanaraq (halal yolla) satınalınması - onların Vəkilovlar mülkünün tikintisində, süsündə, boyanmasında incədən incə istifadəsi də bu məqamda xatırlanmalıdır…
Bax, onların izi – artıq yoxa çıxmış bir sarayın ruhu kimi, Ermənistan Hökumət Evinin, çevrədəki 100 yaşlı tikililərin təməlində, divarlarında və s. “susub” yaşayır… Yaşayır ki, doğma səs duysun, doğma söz eşitsin, doğma üz görsün və bir gün yenidən doğma ruha köklənsin…
Pozğunların pozuculuğu
İrəvanın tarixdəki ilk erməni dövlətinin paytaxtı elan edildiyi zaman Vəkilovların və digər yerli İrəvanlıların mülklərinin yadellilər tərəfindən “milliləşdirilmə”si, daha doğrusu, müsadirəsi mülki hüquq pozuntusudur.
Əgər bu mülklər yaxud mülk yeri sonradan dövlət binası kimi istifadəyə verilibsə, bu, hüquqi təzminat iddiası baxımından önəm daşıyır.
Bəs, bu bilgilər gələcəkdə tarixi mülkiyyət iddiası üçün (mülki və uluslararası) hüquq tribunallarında istifadə edilə bilərmi? - Əlbəttə, hüquq uzmanları bu suala daha detallı cavab verə bilər.
Mövzu üzrə başqa bir istiqamət arxitektonika və ailə soykökü ilə bağlıdır:
Paşa bəy → Kərim bəy → Məhəmməd bəy → Kərim bəy, Qədim bəy, Yusif bəy və b. – bu nəsil ağacı həm tarixi tanıqlıq, həm də miras hüququnun izlərini göstərmək baxımından vacib sayılmalıdır.
Sizcə, bu ailənin üzvlərinin İrəvandakı mülkiyyət bəlgələri, şəkilləri, məktubları və ya istinad edilə biləcək qaynaqları varsa, bunlar ən güclü hüquqi sübut sayılmazmı?.. - “Çıraqov və digərləri Ermənistana qarşı” (Chiragov and Others v. Armenia) adlı - 10 il öncə qərara bağlanan işi yadımıza salaq. — Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü, 14-cü maddələrinin, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun bundan 20 il öncə - 06.04.2005-ci ildə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi 16.06.2015-ci ildə qərar qəbul edib.
(Davamı var)