• Bakı C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Kritik mərhələ: Amerika cəmiyyətində narazılıq artmaqdadır

SİYASƏT

20 Fevral 2026 | 16:51

Kritik mərhələ: Amerika cəmiyyətində narazılıq artmaqdadır

2026-cı ilin aralıq seçkiləri yaxınlaşdıqca Amerika Birləşmiş Ştatlarında siyasi dinamika daha da aktivləşir. Bu kontekstdə ABŞ prezidenti Donald Trampın Corciya ştatına səfəri seçkiqabağı strategiyanın mühüm elementi kimi dəyərləndirilir.

"Respublikaçı"lar daxilində müşahidə olunan fikir ayrılıqları və təşkilati zəifliklər fonunda bu səfərin kampaniyaya necə təsir göstərəcəyi müzakirə mövzusudur.

Trampın regional səfərləri "Respublikaçı"ların seçki kampaniyasını gücləndirəcək, yoxsa daxili siyasi gərginliklər bu prosesin effektivliyini məhdudlaşdıracaq?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Oqtay Qasımovun sözlərinə görə, nəzərə alsaq ki, Donald Tramp prezident seçiləndən sonra demokratlarla münasibətlər daha da kəskinləşib, ABŞ-də aralıq seçkilər yaxınlaşdıqca siyasi ehtiraslar da şübhəsiz ki, qızışır. 

Politoloq bildirib ki, Donald Tramp ardıcıl şəkildə demokratları ittiham edir və onların yanlış siyasət yürütməklə Amerika dövlətini zəiflətdiyini, eləcə də şəxsən ona qarşı siyasi rəqabətdən daha çox düşmənçilik nümayiş etdirdiyini bildirir və ən ağır ittihamları səsləndirir:

"Trampın hakimiyyəti dövründə onun reytinqi müəyyən qədər zəifləyib və Amerika cəmiyyətində fəaliyyətindən narazılıq artmaqdadır. Bu da, şübhəsiz ki, növbəti prezident seçkilərinə öz təsirini göstərə bilər.

O baxımdan Donald Tramp Senat və Konqresdə üstünlüyü əldən verməmək üçün əlindən gələn bütün vasitələrdən istifadə edəcək ki, bu üstünlüyü qoruyub saxlaya bilsin. Çünki əks halda demokratlar qanunverici orqanda üstünlüyü əldə edərsə, bu, Trampın fəaliyyətinin ciddi şəkildə məhdudlaşmasına səbəb olacaq, yəni onun əl-qolunu bağlayacaq".

Oqtay Qasımov: Demokratlar qanunverici orqanda üstünlüyü əldə etsə, bu, Trampın əl-qolunu bağlayacaq

O.Qasımov qeyd edib ki, bu səbəbdən Tramp özü də aktiv şəkildə seçki kampaniyasında iştirak edir və müxtəlif ştatlara gedir.  Müsahibimiz hesab edir ki, onun bu səfərləri və birbaşa seçki kampaniyasında iştirakı respublikaçıların əlini gücləndirən amillərdən biridir:

"Donald Tramp həm bu səfərlərlə, həm də seçkilərə qədərki dövrdə bir çox uğurlara imza atmaq istəyir ki, həmin uğurlar seçkilərin nəticələrinə təsir etsin və "Respublikaçı"ların qanunverici orqana seçkilərdə qələbəsini təmin etsin".

Politoloqun sözlərinə görə, əlbəttə ki, bu olduqca çətin vəzifədir. Amma Tramp bir müddət öncə partiya silahdaşları ilə görüşdə də onları seçkilərdə aktiv iştirak etməyə, görüşləri intensivləşdirməyə, məğlub olmamağa və qələbə qazanmağa səsləyib.

"Bu baxımdan onun birbaşa iştirakı "Respublikaçı"lara əlavə impuls verə və müsbət dividend gətirə bilər", - deyə Oqtay Qasımov qeyd edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR