İranın xarici işlər naziri Abbas Əraqçi Maskatda Omanın xarici işlər naziri Bədr Əl Busəidi ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Omanın xarici işlər naziri Arakçiyə ABŞ nümayəndə heyəti ilə dolayı danışıqların təşkili və bu istiqamətdə aparılan hazırlıq işləri barədə məlumat verib.
Arakçi də öz növbəsində İranın mövqeyini və müzakirə mövzularını Amerika nümayəndə heyətinə çatdırmaq üçün Oman tərəfinə təqdim edib.
İranlı diplomat bəyan edib ki, İran ABŞ-la danışıqlarda ədalətli və ləyaqətli razılaşma əldə etməyə çalışır. Nazirin sözlərinə görə, Tehran qarşılıqlı hörmət əsasında bərabərhüquqlu razılaşma əldə olunmasını istəyir.
Arakçi əlavə edib ki, qarşı tərəf də eyni yanaşmaya malik olsa, ilkin anlaşma mümkündür.
“Əgər qarşı tərəf də eyni yanaşma nümayiş etdirsə, o zaman ilkin anlaşma əldə oluna və danışıqlar prosesi başlaya bilər”.
Xarici işlər naziri onu da qeyd edib ki, kifayət qədər siyasi iradə olarsa, tərəflər danışıqların strukturu ilə bağlı razılığa gələ bilərlər.
"Əgər kifayət qədər iradə olarsa, biz danışıqların tarixini müəyyən edə biləcəyik", - deyə Arakçi vurğulayıb və qeyd edib ki, bu mərhələdə məsləhətləşmələr yalnız nüvə sazişinə aid olacaq.
Xatırladaq ki, Tehran-Vaşinqton danışıqları bu günə planlaşdırılıb. İran tərəfinə Arakçi, Amerika tərəfinə isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff rəhbərlik edəcək.