Xəbər verdiyimiz kimi, iyulun 8-də Azərbaycan Respublikası Milli Məclisinin iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda qəbul edilib. Bu mühüm hüquqi sənəd Muxtar Respublikanın idarəetmə sistemində əhəmiyyətli yeniliklərə yol açır və ümummilli hüquqi məkanla daha dərin inteqrasiyanı təmin etməyə xidmət edir.
Qəbul edilən dəyişikliklər həm hüquqi, həm də siyasi baxımdan diqqətəlayiq məqamlarla yadda qalır.
Əldə olunan hüquqi dəyişikliklərlə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva bildirib ki, qəbul edilən bu mühüm hüquqi sənəd Muxtar Respublikanın idarəetmə sistemində ciddi və əhəmiyyətli yeniliklərə yol açır.
Onun sözlərinə görə, bu sənəd təkcə inzibati dəyişiklik deyil, həm də ümummilli hüquqi məkanla daha dərin inteqrasiyanı təmin etməyə yönəlmiş ciddi bir hüquqi-siyasi aktdır. Qəbul edilən dəyişikliklər həm hüquqi, həm də siyasi baxımdan olduqca əhəmiyyətlidir.
Deputat vurğulayıb ki, islahat paketinin ən diqqətçəkən yeniliklərindən biri Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis olunmasıdır:
“Bu yeni struktur birbaşa Prezidentə tabe olacaq və onun müəyyənləşdirdiyi vəzifələrin icrasına nəzarəti həyata keçirəcək. Bu isə yerli idarəetmə ilə mərkəzi hakimiyyət arasında çevik və koordinasiyalı bir idarəetmə mexanizminin formalaşmasına imkan yaradacaq”.
Həmzəyeva əlavə edib ki, dəyişikliklər çərçivəsində Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət rəmzləri ilə eyniləşdirilir. Bu isə milli birliyin hüquqi əsaslarını daha da möhkəmləndirir:
“Konstitusiyanın preambulasında Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olması xüsusi vurğulanıb. Bu, ərazi bütövlüyü və milli suverenlik baxımından strateji əhəmiyyət kəsb edən mühüm bir detaldır”.
Müsahibimiz bildirib ki, qanunvericilik və seçki mexanizmləri ilə bağlı dəyişikliklər də islahat paketində əhatə olunub:
“Artıq Naxçıvan Ali Məclisinə seçkilər Prezidentin qərarı ilə və Məclis sədrinin təqdimatı əsasında həyata keçiriləcək. Həmçinin, müharibə və ya fövqəladə hallar zamanı seçkilərin təxirə salınması və səlahiyyət müddətinin uzadılması hüquqi baxımdan tənzimlənib. Məclisin fəaliyyət göstərmədiyi hallarda və ya 31 deputatın müraciəti ilə Prezident tərəfindən buraxılması hüquqi əsaslara bağlanıb”.
Ülviyyə Həmzəyeva, Milli Məclisin deputatı
İcra strukturlarının yaradılması və ləğvi məsələlərinə də toxunan deputat bildirib:
“Bu sahədə də Prezidentin razılığı əsas götürüləcək. Beləliklə, dövlət idarəçiliyində daha məsuliyyətli və vahid qərarvermə mexanizmi tətbiq ediləcək. Bundan əlavə, hüquqi-normativ aktların adlandırılması və prosedurlarında da dəyişikliklər edilib – ‘qərar’ anlayışı ‘sərəncam’ anlayışı ilə əvəz olunub”.
Sonda deputat bu dəyişikliklərin ümumi dövlətçilik konsepsiyasında xüsusi yer tutduğunu qeyd edib:
“Bütün bu islahatlar Naxçıvan Muxtar Respublikasının hüquqi və inzibati sisteminin Azərbaycan Respublikasının Konstitusiya modeli ilə tam uzlaşdırılmasına xidmət edir. Bu, eyni zamanda Muxtar Respublikanın gələcək inkişafına daha güclü siyasi və hüquqi dəstək verəcək. Bu dəyişikliklər təkcə hüquqi müstəvidə deyil, həm də strateji baxımdan dövlət idarəçiliyində yeni bir mərhələnin başlanğıcıdır”.
Ülviyyə Həmzəyeva əlavə edib ki, bu islahatlar Azərbaycanın konstitusion sistemində sabitliyin daha da möhkəmlənməsinə, hüquqi məkanın tamlıqla təmin edilməsinə və milli maraqların qorunmasına yönəlmiş strateji addımdır.
Əli Hüseynov