• Bakı 29° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Poliklinikalarda sıxlıq yarandı - TƏBİB-dən reaksiya

CƏMİYYƏT

03 Sentyabr 2025 | 13:28

Poliklinikalarda sıxlıq yarandı - TƏBİB-dən reaksiya

TƏBİB poliklinikalarda yaranan sıxlığa aydınlıq gətirib.

Bakıvaxtı.az xəbər verir ki. TƏBİB-dən verilən məlumata görə, ali və orta ixtisas məktəbləri, kolleclər və liseylərdə yeni tədris ilinin başlanması ilə əlaqədar “Sağlamlıq haqqında arayış”lara (TQS 086) tələbat əhəmiyyətli dərəcədə artıb.

Qeyd edilib ki, təhsilə yeni başlayan uşaqların valideynləri tərəfindən də məktəbəqədər və orta təhsil müəssisələrinə təqdim etmək üçün tibbi sənədlərlə (TQS 026) bağlı müraciətlərdə də artım qeydə alınıb: “2024-cü ilin iyun-avqust aylarında arayışla bağlı müraciət edən uşaq sayı 73 093 nəfər olduğu halda, 2025-ci ilin iyun-avqust aylarında bu rəqəm 85 000 nəfərdən çox olub. Tələbatın əhəmiyyətli dərəcədə artması səbəbindən bəzi poliklinikalarda sıxlıq yaranıb”.

O da qeyd olunub ki, TƏBİB tərəfindən kadr təminatı gücləndirilib, tibbi avadanlıqların yenilənməsi və elektron sistemin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb: “Arayışların forması, ixtisaslı həkim müayinələri və instrumental-laborator müayinələr Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir”.

Diqqətə çatdırılıb ki, arayış əldə etmək üçün sağlamlıq vəziyyətinin müəyyən olunması profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Belə ki, sosial layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışları - məktəbə, məktəbəqədər müəssisələrə, ali təhsil müəssisəsinə təqdim etmək üçün bütün sağlamlıq arayışlarıdır.

“Arayışlar artıq bütün tabeli tibb müəssisələrində elektron formada təqdim olunur. Vətəndaşlar elektron tibbi arayışı əldə etmək üçün ilk olaraq tibb müəssisəsinə ilkin müraciət etməli, laborator analizlər verməli, ixtisaslı həkim qəbullarından keçməlidir”, - bildirilib.

O da bildirilib ki, arayışlar 1 ay müddətində etibarlıdır. 18 yaşa qədər uşaqlardan “Sağlamlıq haqqında arayış”lara görə hər hansı formada ödəniş tələb olunması qanunsuzdur. Belə hallarla rastlaşan vətəndaşlardan dərhal TƏBİB-ə və aidiyyəti qurumlara məlumat vermələri xahiş olunur.


SON XƏBƏRLƏR