Estoniya Ukrayna üçün ABŞ istehsalı silahlarının alınmasında iştirak edəcək və “istəkli ölkələr koalisiyasl” belə bir addımı təsdiqlədiyi təqdirdə, hərbi kontingent göndərməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Estoniya prezidenti Alar Karis Brüsseldə NATO-nun Baş katibi Mark Rutte ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
“Mən bu gün vurğulamaq istəyirəm ki, Estoniya bu təşəbbüsü tam dəstəkləyir və bu səylərdə məmnuniyyətlə iştirak edəcək. Estoniya Ukraynanın azadlığını müdafiə etmək üçün dəstəyini davam etdirəcək”, – deyə Karis bildirib.
O əlavə edib ki, yalnız bu il Estoniya ÜDM-nin 0,3 faizini Ukraynaya birbaşa hərbi dəstəyə yönəldib. Prezident həmçinin vurğulayıb ki, Estoniya müdafiə sənayesi Ukraynanın müdafiə sənayesi ilə əməkdaşlığını getdikcə artırır.
Karis qeyd edib ki, Ukrayna müharibənin bitməsini haqq edir, lakin Estoniya öz tarixi təcrübəsindən yaxşı bilir ki, yalnız “yaxşı təmin edilmiş sülh uzunmüddətli və davamlı ola bilər”.