• Bakı 28° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Üç mikrofon, bir hədəf: Azərbaycana qarşı ritorikanın arxasında nə dayanır?

SİYASƏT

19 Avqust 2026 | 12:07

Üç mikrofon, bir hədəf: Azərbaycana qarşı ritorikanın arxasında nə dayanır?

Bəzən bir dövlətə qarşı təhlükə tankın səsi ilə gəlmir. Bu təhlükə kamera qarşısında oturan üç nəfərin sözlərindən başlayır. Ekranda sakit danışan, özünü ekspert, jurnalist və siyasi məsləhətçi kimi təqdim edən şəxslər xəritənin üzərində cümlələrlə sərhədləri dəyişməyə, xalqların taleyini sözlərlə müəyyənləşdirməyə çalışırlar.

İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev ətrafında yaranmış son hadisəyə də yalnız “üç jurnalistin Azərbaycanı tənqid etməsi” kimi baxmaq, məncə, məsələnin mahiyyətini kiçiltməkdir.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, həmin şəxslər barəsində Cinayət Məcəlləsinin terrorçuluğa açıq çağırışlar, dövlət əleyhinə yönələn açıq çağırışlar və milli nifrət və düşmənçiliyin salınması ilə bağlı maddələri üzrə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında onlar təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış istiqamətində tədbirlər görülüb.

Burada artıq söhbət jurnalistikanın klassik sərhədlərindən çıxır.

Jurnalistika ilə təxribatın arasındakı xətt

Jurnalist tənqid edə bilər. Siyasi şərhçi prosesləri bəyənməyə bilər. Xarici ekspert hadisələri sərt şəkildə qiymətləndirə bilər.

Bunların hamısı siyasi və informasiya müzakirəsinin normal hissəsidir.

Amma söhbət zorakılığın təşviqindən, dövlət quruluşunun zor yolu ilə dəyişdirilməsindən və ölkənin ərazi bütövlüyünə qarşı çağırışlardan gedirsə, artıq bunu sadəcə “fikir azadlığı” adı altında təqdim etmək mümkün deyil.

Baş Prokurorluğun açıqladığı məlumatda 2026-cı il iyulun 14-də yayımlanan proqramda Azərbaycana qarşı zorakı üsulların müzakirə edildiyi, avqustun 13-də yayımlanan buraxılışda isə ayrı-ayrı şəxslərin fiziki məhvi ilə bağlı fikirlərin səsləndirildiyi bildirilir.

Bu iddialar təsdiqini məhkəmə prosesində tapmalıdır. Lakin dövlətin hüquq-mühafizə orqanlarının belə materialları təhlükəsizlik təhdidi kimi qiymətləndirərək cinayət işi başlaması özü ciddi siyasi və hüquqi siqnaldır.

Azərbaycanın təhlükəsizlik sistemi niyə fərqlidir?

Məncə, bu hadisənin ən mühüm tərəflərindən biri də Azərbaycanın təhlükəsizlik sisteminin son illərdə keçdiyi transformasiyanı göstərməsidir.

Azərbaycan artıq dövlətçiliyinə qarşı təhdidi yalnız sərhəddə axtaran ölkə deyil. Bu gün dövlət təhlükəsizliyi yalnız səngərdə dayanan əsgərin işi deyil. Təhlükəsizlik həm də informasiya məkanında, rəqəmsal platformalarda, sosial şəbəkələrdə, xaricdən idarə olunan informasiya kampaniyalarında və ictimai şüura təsir edən mesajlarda qorunur.

Məhz buna görə Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik strukturlarının informasiya məkanında səsləndirilən çağırışlara diqqət yetirməsi təsadüfi deyil. Bu, dövlətin öz təhlükəsizlik anlayışını genişləndirdiyini göstərir.

Bir vaxtlar sərhədi keçmək üçün silah lazım idi. İndi isə bəzən bir kamera, bir mikrofon və böyük auditoriya kifayət edir.

Üç şəxsin ritorikasında təhlükəli məqam

Knyazev, Uralov və Çadayev məsələsində məni ən çox düşündürən məqam onların Azərbaycanla bağlı müzakirələrinin tənqid sərhədindən kənara çıxmasıdır.

Rusiya mediasında yayılan məlumatlarda da Azərbaycan tərəfinin onları zorakı üsullar, konstitusiya quruluşunun dəyişdirilməsi və ərazi bütövlüyünün pozulmasına çağırışlarda ittiham etdiyi qeyd olunur. Xüsusilə bəzi yayımlarda hərbi müdaxilə və Bakı istiqamətində əməliyyat kimi ssenarilərin müzakirə edildiyi barədə məlumatlar yayılıb. Bu, adi siyasi polemika deyil.

Bir ölkənin jurnalistinin başqa dövlətin paytaxtına hərbi müdaxilə ssenarisini müzakirəyə çıxarmaq artıq tamamilə başqa kateqoriyadır. Bu nöqtədə “mən jurnalistəm” arqumenti siyasi və hüquqi məsuliyyəti aradan qaldırmır.

Azərbaycanın dövlət mexanizmi burada öz sözünü deyir.Bu hadisənin ən müsbət tərəfi Azərbaycanın emosional reaksiyaya deyil, institusional mexanizmə üstünlük verməsidir.

Baş Prokurorluq faktları araşdırır.

Məhkəmə qərar verir.

Axtarış proseduru həyata keçirilir.

Beynəlxalq əməkdaşlıq mexanizmlərindən istifadə olunur.

Yəni dövlət “kim nə dedi?” səviyyəsində qalmır, məsələni hüquqi prosedura keçirir. Baş Prokurorluq da Azərbaycanın suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı qanunsuz əməllərlə bağlı qətiyyətli hüquqi tədbirlərin davam etdiriləcəyini açıqlayıb.

Məhz dövlətçilik də budur.

Qəzəblənmək asandır.

Qanunla cavab vermək isə dövlət institutlarının işidir.

Dövlətimiz ən güclü və dirayətli formasındadır

Bu hadisəyə daha geniş pəncərədən baxmaq lazımdır.

Azərbaycan son onilliklərdə təhlükəsizlik arxitekturasını ciddi şəkildə gücləndirib. Ordunun modernləşdirilməsi, xüsusi xidmət və hüquq-mühafizə imkanlarının inkişafı, sərhəd təhlükəsizliyi, informasiya təhlükəsizliyi və beynəlxalq hüquqi əməkdaşlıq mexanizmləri vahid dövlət təhlükəsizliyi sisteminin müxtəlif sütunlarına çevrilib.

2020-ci ildən sonra isə bu yanaşma daha da fərqli məna qazandı.

Azərbaycan öz ərazi bütövlüyünün bərpası ilə yanaşı, dövlətin daxilində və xaricində ona qarşı yönələn təhdidlərə münasibətdə daha sərt və prinsipial mövqe nümayiş etdirməyə başladı.

Bu gün kimsə xaricdə oturub Azərbaycanın dövlət quruluşu haqqında təhlükəli ssenarilər qurursa, Bakı bunun sadəcə “YouTube söhbəti” olmadığını göstərə bilir.

Bu, dövlətin özünü qoruma refleksidir.

Moskvanın açıqlaması da diqqət çəkir

Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da həmin şəxslərin açıqlamalarının Rusiyanın Azərbaycana münasibətdə rəsmi mövqeyini əks etdirmədiyini bildirib.

Rusiya XİN-in açıqlamasında Moskvanın Azərbaycanla münasibətlərin 2022-ci il Müttəfiqlik Qarşılıqlı Fəaliyyət haqqında Bəyannaməsi əsasında inkişaf etdirilməsini istədiyi vurğulanıb.

Bu, əslində Azərbaycan diplomatiyasının da əlinə mühüm arqument verir.

Çünki məsələ Rusiya-Azərbaycan münasibətlərinin özündən daha çox, Rusiya informasiya məkanında Azərbaycan haqqında hansı ritorikanın formalaşdırılması məsələsinə çevrilir. Moskva özü də deyirsə ki, bu şəxslərin mövqeyi Rusiyanın dövlət mövqeyi deyil, onda həmin şəxslərin Azərbaycana qarşı səsləndirdiyi fikirlərlə Rusiya dövlət siyasətini eyniləşdirmək düzgün olmaz.

Amma eyni zamanda belə ritorikanın yayılmasının qarşısının alınması məsələsi də Rusiya tərəfinin məsuliyyət dairəsində qalır.

Azərbaycan dövlətinə qarşı informasiya cəbhəsi

Müasir dövrdə dövlətin təhlükəsizliyi yalnız hərbi üstünlüklə ölçülmür. İnformasiya təhlükəsizliyi də milli təhlükəsizliyin ayrılmaz hissəsidir.

Bir ölkənin sabitliyini pozmaq üçün bəzən sərhəddən qoşun keçirmək lazım deyil. Cəmiyyətin daxilində inamsızlıq yaratmaq, dövlət institutlarını hədəfə almaq, separatizm ideyalarını gündəmə gətirmək və zorakılığı legitimləşdirən fikirlər yaymaq da təhlükəli nəticələr doğura bilər.

Azərbaycanın təhlükəsizlik sisteminin üstünlüyü məhz burada görünür: dövlət bu prosesləri bir-birindən ayrı hadisələr kimi deyil, milli təhlükəsizlik kontekstində qiymətləndirə bilir.

Son söz

Knyazev, Uralov və Çadayev haqqında son sözü nə mən, nə də hansısa media platforması deyə bilər.

Son sözü hüquq və dövlətimiz deyəcək. Lakin siyasi və analitik müstəvidə bir həqiqət var:

Azərbaycan dövlətinin sərhədləri yalnız xəritədə çəkilməyib. Bu sərhədlərin arxasında hüquq, ordu, diplomatiya, təhlükəsizlik sistemi və dövlətçilik iradəsi dayanır.

Kiminsə xaricdən oturub Azərbaycan haqqında təhlükəli ssenarilər qurması həmin ssenarilərin reallığa çevriləcəyi anlamına gəlmir. Əksinə, bu gün Azərbaycanın dövlət institutları göstərir ki, ölkə öz təhlükəsizliyinə qarşı təhdidi haradan gəlməsindən asılı olmayaraq hüquqi müstəvidə qarşılamaq imkanına malikdir.

Bəlkə də ən böyük dəyişiklik budur. Azərbaycan artıq özünü müdafiə etmək üçün başqasının icazəsini gözləmir. Nə siyasi təzyiqdən, nə informasiya kampaniyasından, nə də xaricdən səsləndirilən sərt ritorikadan geri çəkilir.

Çünki dövlətçilik bəzən səssiz olur. Amma lazım gələndə o səssizliyin arxasından bütöv bir dövlət mexanizmi hərəkətə keçir...

Azərbaycan var olsun, istəməyən kor olsun...

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026