• Bakı 14° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.7803

    RUB - 1.6785

“Alma” desəm gələrsən, “Heyva” desəm gəlməzsən - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
28 Sentyabr 2022 | 16:13

“Alma” desəm gələrsən, “Heyva” desəm gəlməzsən - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Minən də “Bakubus” çağırır, düşən də... Yatsam yuxumu da girməzdi ki, şirkət camaat arasında belə populyar olacaq. Səhər və axşam vaxtlarında, hərəkətin pik saatlarında sərnişinlər şirkət rəhbərliyinin dünyasını dəyişən qohumlarını kütləvi halda necə də yad edirlər...

Həqiqətən də bəzən “Bakubus” idarəçilərinə adamın həsəd aparmağı gəlir. Təsəvvür edin ki, paytaxtda sərnişindaşımanı necə düyünə salıblarsa heç fələk də düz-əməlli baş aça bilmir. İndi bəziləri oturub-durub Bakıya dodaq büzür, daha bilmirlər ki, paytaxtımız necə deyərlər, analoqu olmayan bir yeniliyə imza atıb-kartla işləyən marşrut xətlərinin sayı artdıqca kart yükləyən aparatlar sürətlə yığışdırılır. Bu elmi kəşfi tapmaq və reallaşdırmaq üçün bir görün necə ağıllı olmaq lazımdır! Əlimdə olsa elə bu gün elmi kəşfin sahibinə bir “Bakubus” dolu Nobel mükafatı verərəm, üstündə də traktor üçün 4 dənə qış təkəri.

Sovet dövrünün limonadını içənlər yaxşı xatırlayır yəqin, bizim qələm adamları, şairlər ağac altında şəkil çəkdirməyi, kamera qarşısında yarpaqlara söhbət etməyi çox xoşlayırdılar. Mən də elə bilirdim, ağaca hər əl vuran şeir yazıb, poema qoşa bilər. “Bakubus”un idarəçilərinin yeri məlum, o gün işdən sonra evə getmək istəyirdim, metronun “İçərişəhər” stansiyasının qarşısındakı dayanacaqda 54 dəqiqə 6 və 205 saylı avtobusları gözlədim. 22 kitabı çıxan şairlər kimi əlimi də qoydum yolun qırağındakı ağacın budağının üstünə. Amma bircə qafiyə də olsa tapa bilmədim.

Artıq xeyli vaxtdır “Bakubus” atlı olub, biz piyada. Səhər işə, dərsə tələsən, axşam evə qayıdan sərnişinlər “Bakubus” avtobusu görəndə necə sevinirlər, ilahi! Amma bu işin də bir əmması var, avtobusun arada-barada gəlməsi hələ sənin rahat şəkildə minib gedəcəyin anlamına gəlmir. Avtobusa minmək xoşbəxtliyi hər adama nəsib olmur, onun üçün gərək mücadilə edəsən, mücadilə.

“Bakubus”dan bir nəfər məsul şəxs, məsələn, qarajdakı 6-cı dərəcəli çilingər-mexanik çıxıb deyə bilər ki, əfəndilər, tənqid etmək asandır, çıxış yolu göstərin, təklif verin. Çilingər-mexanik olanda nə olar, düz deyir də. Biri elə mən özüm, hər gün ən azı iki dəfə “Bakubus”un yarlı-yaraşıqlı, qırmızı rəngli avtobuslarını saatlarla gözləyən sərnişin kimi niyə çıxış yolu göstərmirəm, təklif vermirəm?

Elin qınağından xilas olmaq üçün gecə yatmayıb təkliflər hazırladım. “Bakubus” idarəçiləri, məsul şəxslər yəqin ki, arada-barada mətbuatı izləyir, sayt oxuyur, qəzet vərəqləyir. İçi mən qarışıq hamımız gileylənirik ki, avtobuslarda basabas olur. Təklif edirəm ki, sərnişin sıxlığını aradan qaldırmaq üçün səhər iş yerinə, dərsə gedənlər “Bakubus”da sol ayağı üstə, axşam evə qayıdarkən isə sağ ayağı üstə qalsınlar. Məncə, bu yolla “Bakubus” avtobuslarının salonlarında xeyli əlavə yer qazanmaq mümkündür.

Son vaxtlar yəqin siz də tez-tez müşahidə edirsiz, bəzi valideynlər 2 və ya daha artıq uşaqla avtobusa minir. Bu da öz növbəsində sərnişin sıxlığı yaradır. Çıxış yolu varmı? Təbii ki, var, bircə ölümə çarə yoxdur. Təklif edirəm ki, valideyn əvvəlcə avtobusla uşaqlarını yola salsın, özü isə növbəti avtobusla getsin. Sual yarana bilər ki, bəs 30-35 dəqiqə ərzində, yəni valideyn növbəti avtobusla gəlib çatana kimi uşaqlar nə etsin? Burda həyəcanlanmağa nə gərək var? Qoy uşaqlar yolun kənarında, təhlükəsiz bir yerdə durub oyun oynasınlar. “Alma” desəm gələrsən, “Heyva” desəm gəlməzsən oyunu daha məqsədəmüvafiqdir, məncə. Başqa təkliflər üzərində də işləmək istəyirəm, amma bunun üçün gərək əvvəlcə evə gedib çatım. 37 dəqiqədir avtobus gözləyirəm.

Yeri gəlmişkən, “Bakubus” özünə maraqlı sloqan seçib- “Bakubus” sizi gələcəyə aparır!

Gələcəyə aparmaq təkərinə dəysin, xahiş edirəm, məni “Axundov bağı”nın yanından “20-ci sahə”yə apar...


SON XƏBƏRLƏR

22 Noyabr 2024