• Bakı 20° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

İnsanların gələcək həyatlarını işğal edən müharibə - Oğuz Ayvaz yazır
YAZARLAR
23 Noyabr 2021 | 11:58

İnsanların gələcək həyatlarını işğal edən müharibə - Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

Müharibə haqqında bir çox filmlər çəkilib. Bunlardan biri də rejissor Maykl Çiminonun “Maral ovçusu” filmidir. Film Erik Maria Remarkın “Üç yoldaş” əsərindən təsirlənərək çəkilib. Roman “itirilmiş nəsil” mövzusunun davamıdır. Müharibənin dəhşətlərini görmüş insanlar, heç cürə keçmişin qarabasmalarından azad ola bilmirlər. Hərbi xatirələr daim baş qəhrəmana əzab verir. Üç dostu birləşdirən acı dolu əzablar, onların keçdiyi müharibə yolu əsərdə ustalıqla qələmə alınıb.

Əsərdən fərqli olaraq filmdə hadisələrin süjeti dəyişdirilib. Filmin qırmızı xətti Vyetnam Müharibəsinin insanlarda yaratdığı iz, qoyduğu ağrılardır. Bundan başqa müharibənin fərdlər üzərindəki dağıdıcı təsirini mümkün qədər real şəkildə göstərməsi heç şübhəsiz ki, filmin populyarlığını bugünlərə qədər gətirməsindəki ən mühüm amillərdən biridir. 

Üç saat davam edən filmi üç hissəyə ayıra bilərik. İlk hissədə Amerikada rus miqrantlarının yaşadığı qəsəbə ilə tanış oluruq. Altı dost böyük bir fabrikdə işçi olaraq çalışırlar. Dostlardan birinin toyu olacaq. Həmçinin bu toy digər üç dostun da sonuncu əyləncəsi olacaq. Çünki toydan sonra onları müharibə gözləyir. Bu hissədə onların xoşbəxt, azad olduqlarını, rus miqrantlarının həyat tərzləri haqqında detallı motivləri izləyirik.

İkinci hissə Vyetnamda keçir. Digər müharibə filmləri ilə müqayisədə şiddət səhnələrinin ən az olduğu ekran əsərlərindən biridir. Əsir düşən üç dosta məcburən rus ruleti oynadan vyetnamlılar qəhrəmanlarımızın həyatlarını da dərindən dəyişdirəcəklər.

Xoşbəxt günlərin ardınca gələn amansız müharibə, əsirlik, ölüm oyunu, çığırtılar, mənəvi çöküş başlayır.

Üçüncü hissədə dostların dəyişdiyini, fərqli xarakterə çevrildiklərini görürük. Stiven Amerikaya qayıtsa da, alt-üst olan psixologiyası, ayaqlarını itirməsi onu yarımçıq adama çevirir. Digər dostlardan Nik Vyetnamda qalır və rus ruleti oynayaraq pul qazanmağın yolunu seçir. Maykl isə aralarında ən iradəli kimi görünsə də yaşadığı travmanı üzərindən ata bilmir.

“Maral ovçusu” yadlaşmanın, insani duyğuların müharibə qarşısında param-parça olduğunun bir təzahürüdür. Maykl qəsəbəyə qayıtdıqdan sonra dostları ilə əvvəlki kimi ünsiyyət, münasibət qura bilmir. O, artıq cəmiyyətə, hətta sevdiyi qadına belə yadlaşıb. Müharibə onun iç dünyasını da məhv edib. Dostları ilə çıxdığı maral ovunda belə onun dəyişdiyini görmək olur. Maralla göz-gözə gəlir, amma ona atəş aça bilmir. Ölümün necə dəhşətli, öldürməyin vicdanla əlaqəli olduğunun fərqinə varan Maykl zövq üçün heyvan öldürməyi artıq həyata keçirdə bilmir. Bu hal eyni zamanda cinsi soyuqluğun da simvoludur. Dostunun sevgilisini sevən Maykl Linda ilə münasibətlərində yaxınlıq göstərə bilmir. Nik isə dostlarının arasında ən ağırbaşlı, mülayim xarakter olaraq görülərkən özünü qumarbazların insan həyatı üzərinə pul qoyduğu rus ruleti masasında tapır. Öz istəyi ilə pul uğruna canını masaya qoyması, onun müharibə qarşısında yaşadığı yadlaşmanın son nöqtəsidir.

Filmin sonunda bir yerə yığışan dostlar “Tanrı Amerikanı qorusun” mahnısını oxuyurlar. Kino tənqidçiləri rejissor Makyl Çiminonu Amerika millətçiliyini təbliğ etməkdə ittiham etmişdilər. Mənə görə isə, rejissor cəmiyyətdəki yadlaşmaya fokuslanmışdı. Filmdə təsvir olunan fəhlə sinfi dövlət üçün fabrikalarda tər tökür, yaxud da ölməyə və öldürməyə gedir - onların həyatı kənardan pultla idarə olunur. Rulet masasında olan da fəhlə sinfidir. Fabrika yaxud müharibə fərq eləmir, ölüm qaçınılmazdır.

Müharibə ən möhkəm dostluqları, ən böyük aşiqləri məhv edir.

Müharibə insanların gələcək həyatlarını işğal edir.


SON XƏBƏRLƏR

24 Aprel 2024