• Bakı 20° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Rəqəmsal iqtisadiyyatımız  olsun,  ya olmasın? - Dosent İlham Əhmədov yazır
YAZARLAR
26 Aprel 2022 | 14:07

Rəqəmsal iqtisadiyyatımız  olsun,  ya olmasın? - Dosent İlham Əhmədov yazır

İlham Əhmədov

İlon Mask "Twitter"i  44  milyard  $ satin aldı. Bu məbləğ ölkəmizin büdcəsindən  təxminən 4 dəfə çoxdur.

Bizim büdcədən dəfələrlə çox bazar qiyməti olan bu intellektual məhsulun yaradılmasına heç bir xammal lazım deyil. Sadəcə 5-10 nəfər yüksək savadlı insan bu ideyanı və onun reallaşdırılması yolunu müəyyən ediblər və bu məhsulu etdikləri məsrəflərdən min dəfələrlə baha qiymətə sata biliblər. Bu amil bir daha elmin, təhsilin, alimin, savadlı insanın, yəni insan kapitalının hər hansı ölkə üçün nə qədər mühüm olduğunu göstərir.

"Elm və təhsildən faydalanan xalqlar firavan yaşayar" (Konfutsi).

20-ci əsrdə ABŞ-ın əsas nailiyyəti nə olub? Aya uçuş? Kompüterin ya internetin yaradılması? Yox. 20-ci əsrdə ABŞ-ın əsas nailiyyəti milli innovasiya sisteminin yaradılması, ideyaları asanlıqla əmtəəyə çevirmək qüdrətidir. ABŞ-ın bütün digər nailiyyətlər bunun nəticəsidir.

Bizim AMEA və Təhsil Nazirliyimiz bu haqda düşünürmü (təbii, onlardan da asılı olmayan işlər var, amma çoban istəsə təkədən pendir düzəldər). Əgər düşünürsə, niyə nəticəsi yoxdur? Niyə heç bir faydalı təşəbbüsə əhəmiyyət verilmir, maliyyə ayrılmır, elm normal maliyyələşmir, onun rəhbərliyinə millətini sevən insanlar gətirilmir? Niyə 10 ildir milli innovasiya sistemi haqqında söhbətlər gedir, fərmanlar verilir, heç nə edilmir? Niyə bizdə daha Yusif  Məmmədəliyevlər, Kərim Kərimovlar, Xudu Məmmədovlar, Rafiq Əliyevlər v.s. səviyyəli alimlər yetişmir, az-çox olanlar da burdan vaxtında köçüb gedən, elmi mühitə düşüb inkişaf edənlər oldu. İndi onların istedadından və biliyindən qərb ölkələri faydalanır.

Niyə bizim İlon Maskımız, Mark Sukerberqimiz, Stiv Cobsumuz, Bayrakrtarımız olmasın?  Biz niyə maska cəriməsi və 5 qat baha dərman pulları ilə ilə büdcə dolduraq?  Təkcə Olimpiya Stadionuna 600 milyon avro  sərf etdik, indi də 7-8 ildir tədricən deqradasiya olunur.

Belə səmərəsiz məsrəflər çox oldu illər ərzində. Amma bu pulu elmə, universitetlərə, innovasiyalara, startaplara sərf etsəydik, alimlərə normal maaş versəydik,  həmin pullar 10 qat artığı ilə ölkəyə mənfəət verə bilərdi.  Bizim alimlərin aldığı 200-300 $ maaşla  təbii ki, heç nə etmək mümkün deyil, elm-təhsil qrantları  da inhisardadır. Bu işlər 30 ildirki belədir.  

Belə şəraitdə  elmin, təhsilin, alimlərin  hansı rəqabət qabiliyyətliyindən  danışmaq olar. Qeyri-neft sektorunun inkişafı zərurəti bu məsələlərə yenidən  diqqətlə baxmağı tələb edir. 

Bildiyiniz kimi,   2019-cu ildə  “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında”  PrezideninSərəncamı olub. Bu 3 ildə nə irəliləyiş oldu?  Bu günün iqtisadiyyatı-rəqəmsal iqtisadiyyat  bu yolla  formalaşa bilər. Yalnız bu halda “Rəqəmsal iqtisadiyyatımız  olsun,  ya olmasın?” sualına “bəli, olsun”  kimi  cavab  verə bilərdik.

 

 


SON XƏBƏRLƏR

24 Aprel 2024