Fransada sağalmaz xəstəliklərdən əziyyət çəkən və dözülməz ağrıları olan yetkin şəxslər üçün evtanaziya hüququ qanuniləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki,“The Guardian” qəzetinin məlumatına görə, qanun ölkənin ən yüksək konstitusiya orqanı tərəfindən təsdiqlənib və bununla da Fransa evtanaziyanı qanuniləşdirən azsaylı ölkələr sırasına qoşulub.
Qanuna əsasən, Fransa vətəndaşı və ya daimi sakini olan yetkin şəxslər sağalmaz hesab edilən və dözülməz ağrıya səbəb olan xəstəliklərdən əziyyət çəkdikləri halda evtanaziya hüququndan yararlana biləcəklər.
Prosedurdan əvvəl həkim xəstənin qanunda müəyyən edilən meyarlara cavab verib-vermədiyini yoxlamalıdır. Müraciət təsdiqləndikdən sonra xəstə ən azı iki gün gözləməli, prosedur günü isə qərarını yenidən təsdiqləməlidir.
Xəstə istənilən mərhələdə razılığını geri götürə bilər. Qanuna görə, ölümə səbəb olan maddə əsasən xəstənin özü tərəfindən qəbul edilməlidir. Şəxs fiziki olaraq bunu edə bilmədikdə isə tibb işçisinin köməyindən istifadə oluna bilər.
Qeyd edək ki, Fransa indiyədək süni həyat dəstəyinin dayandırılmasına, eləcə də ölümə yaxın xəstələr üçün dərin sedasiyaya icazə verirdi. Lakin aktiv şəkildə həyatına son qoymaq istəyən xəstələr bunun qanuni olduğu digər ölkələrə getməli olurdular. Fransanın yeni qanunla evtanaziyanı qanuniləşdirən Niderland, Belçika, İsveçrə və Kanada kimi ölkələrin sırasına qoşulduğu bildirilir.
Günəş Mərd
Bakı 



