Müasir şəhər həyatının insan psixologiyasına təsiri uzun illərdir müzakirə olunan mövzulardandır. Sosioloqlar və psixoloqlar bildirirlər ki, sürətli həyat tərzi, informasiya bolluğu və daimi sosial təzyiqlər insanlara həm müsbət, həm də mənfi təsir göstərə bilər.
Bakıvaxtı.az xəbər verir ki, son elmi araşdırmalar göstərir ki, şəhərdə yaşayan insanların stress səviyyəsi kənd yerlərində yaşayanlarla müqayisədə xeyli yüksəkdir.
Şəhər həyatı depressiya və stressi artırır?
London Universitet kollecinin apardığı bir araşdırmaya görə, şəhər həyatının dinamikliyi insanlarda depressiya və təşviş pozuntularının yaranmasına səbəb ola bilər. Xüsusilə, şəhər nəqliyyatının sıxlığı, davamlı səs-küy və şəxsi məkanın azlığı insan beyninə əlavə yük gətirir.
Kanadanın MakGill universitetində aparılan başqa bir tədqiqat isə göstərib ki, şəhər yerlərində doğulmuş və böyümüş insanların beyin fəaliyyətində stressi idarə edən amiqdala və prefrontal korteks daha həssas olur. Bu, onların emosional sabitliyini pozur və stressə qarşı daha zəif olmalarına gətirib çıxarır.
Mütəxəssislər bildirirlər ki, şəhərdə yaşayan insanlar arasında psixi pozuntuların, o cümlədən depressiya, təşviş (anksiyete) və hətta şizofreniya hallarının daha çox olması məhz bu faktorlarla bağlıdır.
Bununla belə, şəhər həyatının psixoloji üstünlükləri də var. Sürətli sosial mühit, karyera imkanları və mədəni müxtəliflik insanın intellektual və sosial bacarıqlarının inkişafına kömək edə bilər. Harvard Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, şəhərdə yaşayan insanlar daha geniş sosial əlaqələr qurur, bu isə onların ünsiyyət bacarıqlarını gücləndirir və yaradıcılıq qabiliyyətini artırır.
Bundan başqa, şəhərlərdə psixoloji dəstək mərkəzləri və fərqli terapiya xidmətləri daha çoxdur ki, bu da insanlara problemləri ilə mübarizə aparmaqda kömək edə bilər.
Ekspertlər bildirirlər ki, balanslı həyat tərzi şəhər həyatının mənfi təsirlərini azaltmağa kömək edə bilər. Mütəxəssislər şəhər sakinlərinə aşağıdakıları tövsiyə edirlər:
Yaşıl məkanlardan istifadə edin: Araşdırmalar göstərir ki, parklar və yaşıllıq zonaları psixoloji sağlamlığa müsbət təsir edir.
Şəxsi məkanınıza önəm verin: Həddindən artıq sosial əlaqələr insanı yorur. Özünüzə şəxsi zaman ayırın.
Texnologiyadan uzaqlaşın: Sosial media və informasiya axını bəzən stressi artırır. Telefon və kompüterdən istifadəni məhdudlaşdırmaq faydalı ola bilər.
İdman və meditasiya edin: Fiziki aktivlik və zehni rahatlama üsulları stressi azaltmağa kömək edir.
Nuriyyə Musayeva