“Əbu-Dabi görüşündə söhbət hansısa ölkənin tərəflər arasında vasitəçiliyindən yox, məkanın verilməsindən gedir”.
Bunu Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşü Bakıvaxtı.az-a şərh edən politoloq Zaur Məmmədov deyib.
Ekspert vurğulayıb ki, bu və ya digər şəkildə proseslərdə, danışıqlarda dolayı yolla iştirak edənlər var:
"Amma Azərbaycan və Ermənistan arasında sülh danışıqları birbaşa dialoq şəklində həyata keçirilir. İki ölkə üçüncü tərəfin müdaxiləsi olmadan sülh müqaviləsinin imzalanması istiqamətində bir sıra məsələlərin həlli ilə bağlı öz mövqelərini bildirirlər”.
Onun sözlərinə görə, Əbu-Dabi görüşünün digərlərindən fərqi ondadır ki, regiondakı təhlükəsizlik və çağırışlar məsələsi də görüşdə müzakirə predmeti ola bilər. Politoloq bildirib ki, əgər bu zamanadək söhbət sırf ziddiyyətli, mübahisəli məsələlərin müzakirəsindən gedirsə, bu gün onlarla yanaşı, həm də tərəflər maraqlandıran ümumregion proseslər, çağırışlar da müzakirə olunur.
Zaur Məmmədov: Əbu-Dabi görüşündə bəzi məsələlərdə ilkin razılaşmaların olması mümkündür
Həmsöhbətimiz diqqətə çatdırıb ki, görüş fonunda İrəvan və Bakının qarşılaşdığı bir sıra məqamlar var:
"Məlum məsələdir ki, coğrafi cəhətdən kiçik ərazisi olan ölkələr arasında münaqişələrin həllində, onlar arasındakı təmaslarda regional aktorlar da öz təsirlərini göstərirlər. Onlar öz geosiyasi maraqlarını Cənubi Qafqazda diktə etməyə cəhd edirlər. Birləşmiş Ərəb Əmirliyi isə regionda geosiyasi marağı olmayan, konkret tələb və istəkləri olmayan bir platforma kimi daha məqbuldur. O səbəbdən Əbu-Dabidə Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü məqsədəuyğundur”.
“Bu görüş vacibdir. Ziddiyyətli məsələlərin həllində yaxınlaşmaya şahidlik edəcəyik. Bəzi məsələlərdə ilkin razılaşmaların olması da mümkündür", - deyə Zaur Məmmədov əlavə edib.
Qeyd edək kİ, Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir. Heyətlərin iştirakı ilə görüşdən sonra liderlər arasında görüş təkbətək formatda davam edib. Liderlərin sülh sazişinin imzalanması ilə bağlı açıq qalan məsələləri müzakirə etdiyi deyilir.
Aydın Baxış