• Bakı 20° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Sərgidə kitablarını satan gənc yazarların kədəri - Oğuz Ayvaz yazır
YAZARLAR
20 Dekabr 2021 | 12:30

Sərgidə kitablarını satan gənc yazarların kədəri - Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

Neçə gündür Milli kitab sərgisi davam edir. Artıq axır günlərdi. Bu gözəl günlərin sonuna yaxınlaşırıq. 

Sərginin iştirakçılarından biri də mənəm. Özümün və atamın kitablarını satıram. İlin ən gözəl günlərini yaşayırm desəm, yalan olmaz. Hər gün insanların kitabla, yazıçı ilə təması, ünsiyyəti mənə gələcək haqqında ümidlər verir. Bunun kədərli bir tərəfi də var. Kitabları satan da elə yazıçıların, şairlərin özüdür.

İstənilən halda pandemiyalı, koronalı dövrdə kitablı günlər günəş kimi parıldayır, işıq saçır dörd bir tərəfə. Bəlkə də çox şişirdirəm, amma boz həyatımıza baxanda yazdıqlarım qabarıq deyil.

Kitab oxumaq, kitabla təmas, kitab mədəniyyəti bu cür sərgilərin çoxluğu ilə yaranacaq. Kitabsız gələcək qaranlıq tuneldə işıq axtarmaq kimidir. Düzdü, sərgidə hələ ki qələbəlik olmayıb. “İynə atsan, yerə dəyməz” məsəli baş verməyib. Amma yenə də o xoş auranı, o “ucsuz-bucaqsız” azlığı unutmaram.

Bəli, kitab oxuyanlar hər yerdə azlıqdadır. Ancaq adını unutduğum bir müəllif bu azlığı “ucsuz-bucaqsız azlıq” kimi təqdim etmişdi. Dünyanın ən gözəl azlığı da bu olsa gərək.

Sərgiyə gəlməyən, kitab oxumayanların göstərdikləri arqumentlər aşağı-yuxarı bu cürdür:

Mənə nə qazandıracaq?

Vaxtım yoxdur.

Problemim var.

Hər şeyi bilirəm.

Həyat məni sıxır və s. və i.

Halbuki bilmirlər, bilməyəcəklər də: kitab insanın düşüncəsini, üfüqlərini genişləndirir, dünya görüşünü artırır, standartlardan xilas edir, komplekslərdən azad edir, stressi azladır, darıxmağa qoymur...

Kitab bizi ifadə edir. Yüz ildir hər şey dəyişir, smartfonlar, ayfonlar çıxır. Lakin kitab dəyişməz olaraq qalır. Çünki kitab insanın ilkin halına bənzəyir. Kitab oxumaq insana insan olduğunu xatırladır. Məncə, insan özünü yada salmaq, özünü xatırlamaq, öz dünyasını tanımaq üçün də kitab oxumalıdır.

Həyatımı şəxsən ədəbiyyata, kitablara borcluyam. Ciddi sözümdür. Günlərin bir günündə Daniel Defonun "Robinzon Kruzo” kitabı əlimə düşdü. Başladım bu əsəri ciddi şəkildə oxumağa. Və inanın, əsəri bitirdikdən sonra düşüncələrim, həyata baxışım dəyişməyə başladı. Kitabın gücünü hiss etdim. Hiss etdim ki, insana nə qədər mənəvi kömək əli uzadır. Kitablar bizi xilas edən yeganə sahədir. Həqiqətən də insanın içini təmizləyir.

Kitabdan qorxmaq olmaz!

Kitab sevgidir!

 


SON XƏBƏRLƏR