• Bakı 20° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Şuşada yazılan tarix - Qalib İbrahimoğlu yazır
YAZARLAR
20 Dekabr 2022 | 11:57

Şuşada yazılan tarix - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Şuşa işğaldan azad ediləndən sonra ora müxtəlif səfərlər təşkil olunub. Ancaq bilmirəm nədəndi, Şuşaya getməyi heç vaxt indiki qədər arzulamamışam. Bu dəfə isə, nə olursa olsun getməliydim. Və getdim. Çünki bu, bir başqa səfər idi...

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Günlərdi iştirakçılar gecə-gündüz demədən ayaq üstədir. Günlərdi eko-aktivistlərin, media mənsublarının, tələbələrin, ictimaiyyət nümayəndələrinin dinc aksiyası səngimir. Ölkənin o bölgəsi yoxdur ki, oradan Laçın-Xankəndi dəhlizində keçirilən aksiyaya qatılan olmasın.

Azərbaycan ayaq üstədir. Bu aksiya dünyaya səs saldı. Bu aksiya Azərbaycan xalqının birliyini bir daha dünyaya nümayiş etdirdi.

Laçın-Xankəndi yolunda TARİX YAZILIR.

Tarix yazanlarla bir gün də olsa, birgə olmaq, onlarla irəli sürülən tələbləri səsləndirmək həmin tarixə şahidlik etməkdir. Və nə xoş ki, tarix yazanların yanında olmaq bizlərə də nəsib oldu.

Aksiyanın ilk günündən  ora getmək üçün etdiyim müraciətə etirazların 5-ci günü günortadan sonra müsbət cavab verildi. Azdan-çoxdan bir neçə ölkədə, başqa-başqa şəhərlərdə olmuşam, amma “Şuşaya gedirsiniz” sözlərini eşidəndən sonra insanın ürəyinin quş kimi çırpındığını indi hiss etdim. Açığı, Şuşa azad ediləndən sonra ora təşkil olunan səfərlərdə iştirak üçün heç vaxt cəhd etməmişdim.

... Şuşaya çatanda saat 03.45 idi. Şuşa bizi Zülfiyyə Xanbabayevanın ifasında “Şuşanın dağları başı dumanlı” mahnısıyla qarşıladı. Bir azdan Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçilərinin növbə dəyişikliyi olacaq. Və hərbçilərin addım səsləri, bununla bərabər aksiya iştirakçılarının “Ən böyük əsgər bizim əsgər” şüarı gecənin bağrını yarır.

... “Qarabağ” mahnısını “Xudayar təsnifi” əvəz edir. İştirakçılar deyirlər ki, aksiyanın ilk günlərində rus sülhməramlılar da səsgücləndirici gətirərək “Katyuşa” mahnısına qulaq asırmışlar. Amma Azərbaycan müsiqisinin qarşısında tab gətirə bilməyib “Katyuşa”. Bundan başqa, səslənən musiqilər sırasında Müslüm Maqomayevin, Polad Bülbüloğlunun, Emin Ağalarovun Azərbaycana həsr olunmuş rus dilində olan mahnıları da, deyəsən, sülhməramlıların ürəyinə yağ kimi yayılır. Hər halda, istər Xankəndi, istərsə də Laçın tərəfdə dayanan rus əsgərlərinin bu mahnılar səslənərkən az qala yerlərində oynamaq istədikləri belə gözdən yayınmır.

... Şuşada saat 08:00-dır.

- Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni

misraları Şuşaya, ordan Xankəndinə yayılır. Himnimiz səslənir. Şuşada Dövlət Himnimiz  el birliyi ilə daha möhtəşəm səslənir...

Və gecə belə səngiməyən aksiya öz dinc axarıyla davam edir.

Mən Şuşada insanların daha mehriban olduqlarını gördüm

Mən Şuşada mahnılarımızın daha ürəyəyatımlı olduğunun bir daha fərqinə vardım.

Mən Şuşada Azərbaycan əsgərinin yenilməzliyini gördüm.

Mən Şuşada Azərbaycan polisinin insanların təhlükəsizliyinin keşiyində necə ayıq-sayıq dayandıqlarını gördüm.

Mən Şuşada gənclərin mübarizliyini gördüm.

Mən Şuşada aksiyanı işıqlandıran jurnalistlərin həmrəyliyinin bir daha şahidi oldum.

Mən Şuşada gözəl gələcək vəd edən Azərbaycan gördüm...

... Artıq vaxtdır. Şuşadan ayrılmaq zamanıdır. Avtobus Bakıya üz tutur.

... Bakıda avtobusdan enəndə gənc fəallardan biri ayaqqabılarımızı göstərərək, “müəllim, bu palçıqlı ayaqqabılarla hamı bizə güləcək” dedi.

- Sənə gülən olsa, deyərsən ki, bu, Şuşa palçığıdır. O Şuşa ki hər daşından, torpağından, hətta bu palçığından ötrü igidlərimiz qan töküb, can veriblər.

Və ayrılanda hamının ağzından bir dua eşidildi: XANKƏNDİDƏ GÖRÜŞƏNƏDƏK!


SON XƏBƏRLƏR

24 Aprel 2024