• Bakı 11° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Əlinin papağı Vəlinin dizinə... - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
15 May 2022 | 11:52

Əlinin papağı Vəlinin dizinə... - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Heç bilmirəm yaxşıdır, yoxsa pis? 6-7 məqalən, köşən, müsahibən dərc olunan kimi qohum-qardaş, dost-tanış elə bilir ki, əlin hər yana çatır. Bütün günü deputatlarla şaurma, nazirlərlə qovurma yeyirsən. Kofe içməyə də gedirsən şou-biznes ulduzlarının kirayə qaldıqları evlərinə. Səni yaxından-uzaqdan tanıyanlara elə gəlir ki, bir telefon zənginlə Lukaşenko Putinlə dostluğunu pozar, Conson saçını darayar.  

Biri xahiş edir ki, onun oğlunu nazirlikdə çörəkli vəzifəyə təyin etdirəsən, biri istəyir torpaq problemini pulsuz-parasız həll edəsən. Təzə avtomobilinə “qonşu yandıran” nömrə almaq üçün də səni axtaran olur. Bir də görürsən köhnə tanışın zəng vurdu, deyir bizim uşaq bir balaca dalaşıb, dalaşanda bir balaca əsəbiləşib, bir nəfəri bir balaca bıçaqlayıb, həmin bir nəfər də bir balaca yaralanıb, bir balaca əməliyyat olunub. Polisdən bir balaca xahiş elə, bizim uşağı bir balaca buraxsınlar...

Ötən həftənin əvvəli idi, dəqiq günü yadımda deyil, amma onu bilirəm ki, müğənni Aynişanın qonşusu marketdən çuğundur aldığı gün idi. Uzaq bir qohumum zəng vurdu, xoş-beşdən sonra dedi ki, oğlum Texniki Universiteti bitirib, ixtisasına görə nəqliyyat mütəxəssisidir, onu Mədəniyyət Nazirliyində rəsm əsərlərinə rəy verən ekspert vəzifəsinə təyin etdirə bilərsən? İzah elədim, arqument gətirdim, inadından dönmədi, üstəlik 12 fakt gətirdi, dedi ki, ölkədə Əlinin papağını məhz Əlinin öz başına qoymaq elə sənə qalıb? Bir dəfə də sən götür Əlinin papağını qoy Vəlinin dizinə.

O gün Elza Seyidcahan təzə şeirini efirdən oxuyan kimi tələbə yoldaşımdan zəng gəldi. Zalım oğlu heç salam-kəlam demədən dərdini açdı. Məlum oldu ki, sonbeşik qızı Rəssamlıq Akademiyasını bitirib, sərgilərdə iştirak edib, lakin dolana bilmir, onu çörək zavodunda baş texnoloq vəzifəsinə təyin etdirmək lazımdır. Dedi ki, adı üstündədir, çörək zavodunda çörək çıxar da yəqin. Sonda da hökm verdi-onsuz da heç kim Əlinin papağını Əlinin başına qoymaq barədə düşünmək istəmir, sən də mənim xətrimə Əlinin papağını qoy Vəlinin çiyninə, dünya dağılmaz...

Dünən uzaqda yaşayan yaxın dostumdan zəng gələndə qara günümü qablaşdırdım. Hazırcavab dostum əvvəlcə Əli ilə Vəlinin papaq bölgüsü barədə 7 lətifə danışdı, sonra gəldi mətləb üstünə. Dedi ki, baldızımın əmisi nəvəsi adlı-sanlı özəl ali məktəblərdən birinin biologiya fakültəsini bitirib, onu təcili olaraq Tarix İnstitutunda baş elmi işçi vəzifəsinə təyin etdirmək lazımdır, qoyma uşağın arzusu ürəyində qalsın. Hələ məni ərklə danladı, dedi ki, bu məmləkətdə Əlinin dərdini səndən başqa çəkən yoxdur? Sən uşağın işini düz-qoş, üzü yaya gedir, Əli papaqsız da keçinər.

Orta məktəbdə mənimlə paralel sinifdə oxuyan biri neçə gündür məni axtarır. Təxminən bilirəm, ürəyimə damıb ki, şərqşünas oğlunu Aerokosmik Agentlikdə işə düzəltdirmək istəyir...     

            


SON XƏBƏRLƏR

28 Mart 2024