Suriya vətəndaş müharibəsinə yaxındır.
Bakıvaxtı.az-ın məlumatına görə, bu iddiayla ABŞ Dövlət katibi Marko Rubio çıxış edib.
Rubio bildirib ki, Vaşinqtonun qiymətləndirməsinə görə, Suriyada keçid hakimiyyətinin dağılmasına, tammiqyaslı vətəndaş müharibəsinə və buna əsasən də ölkənin parçalanmasına bir aydan da az vaxt - həftələr qalıb.
Xatırladaq ki, Bəşər Əsədin devrilməsindən sonra Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaranın rəhbərliyi ilə yeni hökumət formalaşıb. Keçid hökumətinin prezidenti xalqı güclü və sabit dövlət quruculuğunun başlanacağına əmin edərək, bütün vətəndaşları birgə çalışmağa çağırıb. O, hökumətin fəaliyyətinin tam şəffaf olacağını və korrupsiyaya yol verilməyəcəyini bildirib. Yeni kabinetdə keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani, müdafiə naziri isə Murhaf Əbu Qəsrdir.
Politoloq Turab Rzayev Bakıvaxtı.az-a deyib ki, Suriyada kifayət qədər gərginlik var.
Ekspert vurğulayıb ki, Suriyada fərqli dini, etnik fraksiyalar mövcuddur:
"Ərəb, türkmən, kürd, dürzilər və s. etniklər, eyni zamanda sünni, şiə və digər məzhəblərə qulluq edən qruplar var. İrana, Rusiyaya yaxın qüvvələr mövcudluqlarını qorumaqdadır. İslami qruplar arasında da bir-birinə zidd görüşdə olanlar var. Türkiyəyə yaxın qüvvələrlə yanaşı, Səudiyyə Ərəbistanı, Qatar, BƏƏ-dən, Misirdən dəstəklənən dairələr fəaliyyət göstərir. Böyük Britaniya, Fransa, İsrail, Almaniya və ABŞ-nin nəzarətində olan qruplaşmalar da yer almaqdadır. Hətta bir qrup daxilində bir neçə ölkəyə xidmət göstərən fərqli şəbəkələr mövcuddur. PKK, YPG və PYD daxilində belə fərqli qüvvələr çoxdur”.
Müsahibimizə görə, bunları nəzərə alsaq, müəyyən qarşıdurma ehtimalını gözardı etmək olmaz:
“Məsələn, Suriyanın Aralıq dənizi sahillərində, Lakatiya vilayətində "şiə-nusayri dövləti"nin yaranması ilə bağlı niyyətlər var. Oradakı şiə qruplaşması öz müstəqilliklərini saxlamaq istəyirlər. Həmin bölgədə, xüsusən Rusiya bazası ətrafında müəyyən aktivlik müşahidə olunur".
Turab Rzayev, politoloq
T.Rzayev əlavə edib ki, ölkənin Şərqində PYD, YPG silahlıları böyük bir əraziyə nəzarət edirlər:
"Onlar da mərkəzi hakimiyyətə tabe olmaq istəmirlər. Ayrıca tompon bölgə kimi idarə olunmağı üstün tuturlar. Cənubda, İsraillə sərhəddə dürzilər var. Dürzilər içərisində İsrailə yaxınlıq duyan qruplaşmalar mövcuddur. İsrail onları ilhaq etməyi düşünür. Yəni parçalanma meyilləri var və bunu istisna etmək olmaz. Ancaq mərkəzi hökumətin bütün imkanlarını səfərbər edərək siyasi iradəsini saxlayacağını, parçalanmağa imkan verməyəcəyini düşünürəm. Mərkəzi hakimiyyət fərqli qruplaşmalara tətbiq etdiyi siyasi, diplomatik, hərbi tədbirlərlə bu cür parçalanmaya "yaşıl işıq" yandırmayacağının siqnalını verir. Açıq şəkildə göstərir ki, buna icazə verməyəcəklər".
Aydın Baxış