• Bakı 11° C

    12.73 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.017

Rusiya-Ukrayna müharibəsi başa çatır?: Yeni ümidlər və ssenarilər

SİYASƏT

16 Noyabr 2024 | 13:44

Rusiya-Ukrayna müharibəsi başa çatır?: Yeni ümidlər və ssenarilər

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və komandası Rusiya-Ukrayna müharibəsini daha tez bitirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.

Belə ki, Zelenski Ukraynanın “Suspilne Ukraine” İctimai Yayım Şirkətinə müsahibəsində Ukrayna-ABŞ münasibətlərini dəyərləndirib.

Müharibənin ədalətli sona çatmasının Ukrayna üçün vacib olduğunu deyən Zelenskin Tramp və komandasının yanaşması ilə müharibənin daha tez bitəcəyini deyib:

"Müharibə bitəcək, lakin konkret tarix yoxdur. Ağ Evi idarə edəcək yeni komandanın siyasəti ilə müharibə daha tez bitəcək. Bu, onların yanaşması, cəmiyyətlərinə verdikləri vədlərdir və bu, çox vacibdir".

Sual yaranır: Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə bitə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Ukrayna-Rusiya müharibəsi 21-ci əsrin ən mürəkkəb və faciəvi münaqişələrindən biri olaraq davam edir:

"Müharibənin üçüncü ilinə yaxınlaşdığı bir dövrdə beynəlxalq ictimaiyyət və əsas aktorlar arasında bu münaqişənin nə vaxt və hansı şərtlərlə sona çatacağına dair geniş müzakirələr aparılır. Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-nin yeni prezidenti Donald Tramp və onun komandası ilə bağlı dedikləri bu məsələyə fərqli perspektivlər əlavə edir. Zelenski Tramp administrasiyasının daha praqmatik və sürətli həll yolları təklif edə biləcəyini vurğulayaraq müharibənin tezliklə başa çatacağına ümid etdiyini bildirib. Lakin bu, çoxşaxəli və mürəkkəb proseslərdən asılıdır".

Müsahibimiz qeyd edib ki, Tramp administrasiyasının münaqişəyə yanaşması əvvəlki ABŞ hökumətindən əhəmiyyətli dərəcədə fərqlənə bilər:

"Trampın xarici siyasətdə daha az müdaxiləçi və daha çox razılaşma yönümlü yanaşması onun Rusiya ilə əlaqələrində də əksini tapa bilər. Müharibənin tezliklə başa çatması üçün ABŞ-nin liderliyi həlledici rol oynaya bilər. ABŞ-nin Rusiya ilə birbaşa dialoq qurması və tərəfləri sülh masasına oturtması münaqişənin həlli üçün vacib elementlərdən biridir. Eyni zamanda, Trampın Rusiya ilə yaxınlaşma istəyi Ukraynanın maraqlarını nə dərəcədə qoruyacağı barədə suallar doğurur. Münaqişənin həlli üçün beynəlxalq təzyiq mexanizmləri də mühüm rol oynayır. ABŞ-nin yanında Avropa İttifaqının fəal iştirakı, xüsusilə də iqtisadi sanksiyalar və diplomatik təşəbbüslər, prosesin irəliləməsi üçün vacibdir. Rusiya iqtisadiyyatı sanksiyalar səbəbindən zəifləməkdə davam edir, bu da Moskvanı münaqişəni uzatmaqdan çəkindirə bilər. Lakin Kreml öz təhlükəsizlik maraqlarını ön planda saxlayaraq kompromisə getməyə hazır olub-olmadığını nümayiş etdirməlidir".

Mübariz Göyüşlü: 2025-ci il münaqişənin həlli üçün dönüş nöqtəsi ola bilər

Siyasi şərhçinin sözlərinə görə, Ukraynanın hərbi sahədə əldə etdiyi nailiyyətlər və beynəlxalq hərbi yardımın davamlılığı münaqişənin gedişatına birbaşa təsir edir. Onun fikrincə, Ukrayna ordusunun müdafiə qabiliyyəti və strateji üstünlüyü Rusiya ilə danışıqlarda mövqelərini gücləndirə bilər. Lakin müharibənin uzanması həm Ukraynanın, həm də onun müttəfiqlərinin iqtisadi və sosial resurslarına ciddi təsir göstərir:

"Diplomatik həll yolları olmadan müharibənin sona çatması çətin görünür. Hər iki tərəfin əsas maraqlarını təmin edəcək kompromis tapılması zəruridir. Ukrayna üçün ərazi bütövlüyünün qorunması əsas şərt olaraq qalır, Rusiya isə təhlükəsizlik zəmanətləri tələb edir. Tramp administrasiyası bu maraqlar arasında tarazlıq yaratmağa çalışsa, münaqişənin həlli üçün yeni imkanlar yarana bilər".

Müharibənin nə vaxt bitəcəyi ilə bağlı sualımıza isə Mübariz Göyüşlü belə cavab verib:

"Lakin müharibənin nə vaxt bitəcəyi ilə bağlı konkret tarix vermək çətindir. Bu proses beynəlxalq güclərin birgə səylərindən, tərəflərin kompromisə hazır olmasından və münaqişənin kökündə yatan problemlərin necə həll ediləcəyindən asılıdır. Donald Tramp və komandası, sülh prosesində aktiv rol oynamağa hazır olsa, 2025-ci il münaqişənin həlli üçün dönüş nöqtəsi ola bilər. Ancaq bu yalnız qətiyyətli və koordinasiyalı beynəlxalq səylərdən asılıdır".

Mütəxəssisin fikirlərinə görə, müharibənin ədalətli sona çatması təkcə Ukrayna və Rusiya üçün deyil, bütün dünya üçün əhəmiyyətlidir. Bu, beynəlxalq hüququn, insan haqlarının və təhlükəsizlik sisteminin gücünü göstərmək baxımından vacibdir. Nəticədə, gələn il münaqişənin həlli üçün ümidlərin gerçəkləşməsi dünya liderlərinin diplomatik bacarıqlarına və xalqların sülh istəyinə bağlıdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR