Yəmənin “Ənsar Allah” (husi) üsyançı hərəkatının lideri Əbdül Malik əl-Husi ABŞ Prezidenti Donald Trampa fələstinliləri Qəzza zolağından köçürmək əvəzinə, İsrail sakinlərini Amerika ştatlarından birinə köçürmək barədə düşünməyi təklif edib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “Al Masirah” telekanalında çıxışı zamanı bildirib.
“Amerikalılar yəhudiləri İsraildən ABŞ-yə köçürə və Amerika ştatlarından birini onlara verə bilər. ABŞ-nin hələ də yaşayış olmayan geniş əraziləri və regionları var”, - əl-Husi qeyd edib.
Xatırladaq ki, fevralın 4-də Ağ Evdə danışıqlardan sonra İsrailin Baş naziri Binyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında Tramp Vaşinqtonun Yaxın Şərqdə sülhün bərqərar olması naminə Qəzza zolağına uzunmüddətli sahiblik məsələsini nəzərdən keçirdiyini açıqlamışdı. O, fələstinlilərin anklavdan regionun digər ölkələrinə köçürülməsini təklif etmişdi.