Məlum olduğu kimi, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərindən sonra sabiq prezident Robert Köçəryanın ölkədən çıxışı qadağan edilib. Ekspertlər bu addımı seçkilərdə gözlədiyi səsi toplaya bilməyən keçmiş prezidentin Rusiyaya qaçmaq planının qarşısını almaq üçün atıldığını deyirlər.
Köçəryana qarşı cinayət işinin açılacağı, barəsində ciddi iddiaların olduğu da vurğulanır. Artıq Ermənistan Milli Təhlükəsizlik Şurasının yeni katibi Alen Simonyan sabiq prezident Robert Köçəryanı hədələyib, onun başına oyun açacağını deyib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da Robert Köçəryanı dəfələrlə təhdid edib və törətdiyi ciyanətlərə görə məsuliyyətə cəlb olunacağını söyləyib. Onu da qeyd edək ki, Köçəryan Paşinyan hökuməti tərəfindən bir dəfə həbs olunsa da, Moskvanın təzyiqlərindən sonra onu sərbəst buraxmağa məcbur qalıb.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Azər Həsrət deyib ki, istər Robert Köçəryan, istərsə də Serj Sarkisyan təkcə Azərbaycan xalqının deyil, həm də erməni xalqının başına dəhşətli oyunlar açıblar.
Ekspert vurğulayıb ki, Köçəryan qatı cinayətkardır:
“Onun cinayətkar əməlləri ermənilərə də ağır zərbələr vurub. İki xalqın bir-birinə düşmən olmasında da Köçəryan kimilərin “əməyi” böyükdür. Bu şəxslər müharibə səbəbkarı, terrorla məşğul olublar”.
Müsahibimizin fikrincə, İrəvan hökumətinin bu məsələyə yanaşması, Köçəryan kimi quldurlara münasibəti sadəcə bəyanatlarla bitməməlidir:
“Alen Simonyan da, Nikol Paşinyanın özü də artıq o proseduru başlatmalıdır ki, Robert Köçəryanı həbs etsinlər və Azərbaycana təhvil versinlər. Niyə məhz Azərbaycana? Ona görə ki, o, Azərbaycan vətəndaşıdır. Çünki Köçəryan və Sarkisyan terror əməllərini Azərbaycanda törədiblər. İlkin olaraq bütün cinayətlərini Azərbaycanda reallaşdırıblar, sonrakı mərhələdə hər ikisi Ermənistanda prezident olublar və erməni xalqına zülmlər yaşadıblar”.
Azər Həsrət: Köçəryan kimi quldurları ən ağır formada cəzalandırmaq lazımdır ki, başqalarına da dərs, ibrət olsun
A.Həsrət qeyd edib ki, ilk növbədə Azərbaycanda onların məhkəməsi keçirildikdən sonra Ermənistan məhkəməsi də onları mühakimə edə bilər:
“Düşünürəm ki, Köçəryan və Sarkisyan kimi cinayətkarlar üzə çıxarılmalı, cinayət məsuliyyətinə cəlb edilməli və Azərbaycana verilməlidirlər. Əgər biz iki xalq arasında normal münasibətlərin formalaşmasını istəyiriksə, Köçəryan kimi quldurları ən ağır formada cəzalandırmaq lazımdır ki, başqalarına da dərs, ibrət olsun. Köçəryan və Sarkisyanla bağlı bu işlərin dərhal başlaması zəruridir”.
Aydın Baxış
Bakı 



