• Bakı 28° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Vaşinqtonun İrana qarşı yeni strategiyası: hərbi zərbədən iqtisadi mühasirəyə

DÜNYA

20 Avqust 2026 | 14:22

Vaşinqtonun İrana qarşı yeni strategiyası: hərbi zərbədən iqtisadi mühasirəyə

ABŞ Prezidenti Donald Trampın İrana iqtisadi dəstək verən dövlətləri və şirkətləri ağır nəticələrlə hədələyir. Bu hədə Vaşinqtonun Tehranla qarşıdurmada yeni mərhələyə keçdiyini göstərir.

ABŞ artıq yalnız İranın özünə qarşı sanksiyalar tətbiq etməklə kifayətlənmək istəmir. Məqsəd İranla neft, maliyyə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq edən üçüncü ölkələri də seçim qarşısında qoymaqdır. Beləliklə, Vaşinqton hərbi təzyiqi genişmiqyaslı iqtisadi mühasirə ilə əvəz etməyə çalışır.

Bu strategiyanın əsas hədəfi İranın enerji gəlirlərini minimuma endirməkdir. Tehran uzun illərdir neftini müxtəlif vasitəçilər, qeyri-şəffaf ödəniş sistemləri və bayrağını dəyişən tankerlər vasitəsilə dünya bazarına çıxarır. ABŞ indi məhz bu şəbəkələri, eləcə də İranın pul köçürmələrində istifadə etdiyi bank və şirkətləri hədəfə almağa hazırlaşır. İranın əsas ixrac gəlirlərindən məhrum edilməsi hökumətin həm hərbi proqramlarını maliyyələşdirməsini, həm də daxili sosial öhdəliklərini yerinə yetirməsini çətinləşdirə bilər.

Lakin bu siyasətin həyata keçirilməsi Vaşinqton üçün də asan olmayacaq. Çünki İranın ixrac etdiyi neftin 80 faizdən çoxunu Çin alır və Pekinin ABŞ təzyiqinə tam şəkildə tabe olacağı gözlənilmir. Tramp administrasiyası Çin şirkətlərinə və banklarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edərsə, İran məsələsi ABŞ-Çin münasibətlərində ayrıca böhran mənbəyinə çevrilə bilər. Bu isə ticarət, texnologiya və Tayvan məsələlərində onsuz da mövcud olan rəqabəti daha da kəskinləşdirər.

BƏƏ-nin İranla ticarət və maliyyə əməliyyatlarını dayandırması isə Tehran üçün xüsusilə ciddi siqnaldır. Əmirliklər uzun müddət İranın regional ticarətində, maliyyə dövriyyəsində və sanksiyaların təsirinin yumşaldılmasında mühüm rol oynayıb. BƏƏ-nin bu xəttdən çəkilməsi İranın xarici bazarlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Eyni zamanda bu qərar Körfəz ölkələrinin təhlükəsizlik məsələsində Vaşinqtonun mövqeyinə daha çox yaxınlaşdığını göstərir.

İqtisadi təzyiq İranı danışıqlara qaytara bilər, ancaq bunun əks nəticə verməsi ehtimalı da az deyil. Tehran rəhbərliyi təzyiq qarşısında geri çəkilməyin gələcəkdə daha ağır tələblərə yol açacağını düşünərək mövqeyini sərtləşdirə bilər. İran Hörmüz boğazındakı strateji imkanlarından, regional silahlı tərəfdaşlarından və raket potensialından cavab vasitəsi kimi istifadə etməyə çalışa bilər. Bu halda iqtisadi mühasirə regionda hərbi eskalasiyanın qarşısını almaq əvəzinə onun yeni mərhələsini başlada bilər.

Nəticə etibarilə, Tramp administrasiyasının yeni xətti İranı dərhal hərbi yolla məğlub etməkdən daha çox, onun iqtisadi və siyasi müqavimət imkanlarını tədricən zəiflətməyə hesablanıb. Lakin strategiyanın uğuru yalnız sanksiyaların sərtliyindən deyil, Çin, Körfəz ölkələri və digər ticarət tərəfdaşlarının bu siyasətə nə dərəcədə qoşulacağından asılı olacaq. Əgər Vaşinqton geniş beynəlxalq koalisiya yarada bilməsə, Tehran alternativ satış və maliyyə kanalları tapmağa davam edəcək. Buna görə də qarşıdakı dövrdə ABŞ-İran qarşıdurmasının taleyini döyüş meydanından daha çox neft bazarları, bank sistemləri və beynəlxalq ticarət marşrutları müəyyənləşdirə bilər.

Ruslan Zəngəzur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026