"Təyyarə qəzası ilə bağlı mümkün qədər bütün informasiyaları bir araya gətirməyə çalışdım və belə qənaətə gəldim ki, sərnişin təyyarəsi vurulub".
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.
Onun sözlərinə görə, təyyarə iddia edildiyi kimi hansısa quş sürüsü ilə toqquşma nəticəsində bu vəziyyətə düşə bilməzdi:
"Böyük ehtimalla havadan müdafiə sistemləri tərəfindən təyyarəmizə atəş açılıb. Çünki gözlə aydın göründüyü kimi təyyarə qəlpələr tərəfindən ciddi zədələnib. Təyyarə də zədəli şəkildə eniş edib. İndi ortaya çıxan əsas sual təyyarənin necə yerə enməsi yox, kim tərəfindən və harada vurulması, daha doğrusu atəşə məruz qalmasıdır. Mənim versiyama görə, təyyarə Qroznı ətrafında vurulub. Digər ehtimal isə Ukrayan PUA-ları tərəfindən zərbə almasıdır. Əslində PUA-lar çox məsafə qət edə bilmir. Ukrayna dronları dedikdə, ağlımıza Türkiyənin "Bayraktar" tipli PUA-ları gəlməsin. Ona görə də burada Ukrayna PUA-sı iddiası ağlabatan deyil. İndiki halda məqsədli şəkildə dezinformasiya yayanlar çoxdur. Təyyarəmiz isə Qroznı səmasında vurulub, mənim fikrim bundan ibarətdir. Xatırlayırsızsa, Ukrayna ərazisindən uçan Malayziya təyyarəsinin də vurulmasını görmüşdük. Həmin təyyarə "Buk" raketi ilə vurulmuşdu. Hava müdafiə sistemlərinin raketləri təyyarələri heç vaxt birbaşa vurmurlar, yəni raketlə birbaşa zərbə endirmirlər. Onlar təyyarənin yanında partlayış törədirlər".
T.Rzayevə görə, ehtimal ki, bizim təyyarə də "Pantsir" tipli raket-zenit kompleksi ilə vurulub:
"Belə zərbələr təyyarənin ciddi bölgələrinə təmas etmədikdə təyyarə daha uzun müddət havada qala bilir. Çünki mühərrik yox, təyyarənin özü hədəf alınıb. Bununla da təyyarə bəzi funksiyalarını itirib. Əlbəttə, təyyarənin qəsdən, səhvən, təsadüfən vurulduğunu bilmirik. Ola bilsin həmin ərəfədə Çeçenistanda hava limanı yüksək alarm vəziyyətinə gətirilib, amma hava zonası bağlanmayıb. Təyyarələr sərbəst enib-qalxıb. Həm də həmin gün Qroznıda hava şəraiti də normal olub. Təbii ki, açıq suallar da qalmaqdadır. Əgər həmin ərəfədə raket zərbələri endirilibsə, təhlükə, risk olubsa, niyə Çeçenistan hava məkanı bağlanmayıb və s. Üstəlik, Rusiya tərəfindən kommunikasiya xətası da ola bilər”.
Turab Rzayev, siyasi şərhçi
Müsahibimizə görə, əgər təyyarənin Qroznı hava limanına enməsinə imkan verilsəydi, ehtimal ki, daha az itki olardı.
“Sonra təyyarə Maxaçqala hava limanına yönləndirilib. Halbuki, Şimali Qafqazda 5-6 fəaliyyətdə olan hava limanı mövcuddur. Nəticədə təyyarə dəniz üzərindən Aktauya getməyə məcbur qalıb", - deyə Turab Rzayev qeyd edib.
Aydın Baxış