“Bəşər Əsəd rejiminin süqutu təkcə Suriyada deyil, Yaxın Şərq regionunda yeni mənzərə yaratmaqdadır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əli Oruclu deyib.
Onun sözlərinə görə, proses təkcə 53 illik Əsəd sülaləsinin çöküşü ilə yekunlaşmır, ümumilikdə diktatura rejimlərinə himayədarlıq edən Rusiya və İranın da ağır məğlubiyyətidir:
"13 il vətəndaş müharibəsinin davam etməsi və Əsədin hakimiyyətdə qalması məhz Tehranla Moskvanın dəstəyi sayəsində mümkün olmuşdu. İranın Yaxın Şərq regionunda mövqelərini itirməsi və öz təhlükəsizliyi ilə bağlı qayğılarının artması İrəvanı əbəs yerə ciddi narahat etmir. Xüsusən, Suriya rejiminin çöküşü növbəti hədəfin İran olacağı ilə bağlı narahatlığı artırır”.
Müsahibimiz qeyd edib ki, erməni icmasının ən güclü olduğu ölkələrdən biri məhz Suriyadır. Onun dediyinə görə, Əsəd sülaləsi orada yaşayan ermənilərə xeyli imtiyazlar vermişdi.
Siyasi şərhçi ata-bala hakimiyyətinin Türkiyə ilə də münasibətlərinin normal olmadığını vurğulayıb:
“Suriya PKK terrorçu başı Abdulla Ocalana sığınacaq verən ölkələrin önündə olub. Zaman-zaman hər iki dövlət arasında fikir ayrılıqları və ixtilaflar yaşanıb. Ermənistan İrana və Suriyaya "düşmənimin düşməni mənim dostumdur" prinsipi ilə yanaşıb. Ermənistan Əsəd rejimi simasında belə bir dostunu itirmiş oldu. Suriyanın gələcəyi və yeni siyasi düzəni qurulmasında Ankaranın müstəsna rol oynayacağında ermənilər qorxuya düşüb. Suriyada vəziyyətin hələ bir müddət qeyri-müəyyən qalacağı orada yaşayan 100 min etnik ermənilərin gələcək taleyini də sual altına qoyur. Ola bilsin, Ermənistana erməni köçü də başlasın. Bu isə indiki dönəmdə ciddi humanitar problemlərə yol aça bilər".
Əli Oruclu: Ermənistan İrana və Suriyaya "düşmənimin düşməni mənim dostumdur" prinsipi ilə yanaşıb
Ə.Oruclu əlavə edib ki, İranın Yaxın Şərqdəki mövqelərini itirməsi Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək:
"Təbii ki, İranın zəifləməsi Türkiyənin qlobal gücə çevrilməsi, həmçinin Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsi Ermənistan üçün ən acı reallıqlar deməkdir. Paşinyan hakimiyyəti Qərbdən, xüsusən də Fransadan himayədarlıq və təhlükəsizlik çətiri ilə bağlı vədlər alsa da, meydanda bunların keçərli olmadığını dərk etməkdədir. İrəvanın ən fəal dəstəkçisi olan İranın zəifləməsi Zəngəzur dəhlizin açılmasına maneənin birinin aradan qalxması deməkdir. Dəhlizin açılmasında hələ az-çox müqavimət göstərən İran rejimidir. Bu rejim də artıq Suriya yolu ilə getməkdədir. Bütün baş verənləri lakonik olaraq ermənilərin qorxulu röyası adlandırsaq yanılmarıq".
Aydın Baxış