Valideynlər övladlarına ad seçərkən olduqca diqqətli olmalıdırlar. Çünki verilən ad, uşağın gələcək taleyində, insanlarla münasibətlərində mühüm rol oynaya bilər.
Təəssüf ki, bəzən valideynlər yalnız qeyri-adi səslənsin, ya da dünyasını dəyişmiş bir qohumun adını yaşatsın deyə düşünülmədən ad seçirlər. Amma düşünmürlər ki, belə adlar, uşağın gələcək həyatında psixoloji və sosial baxımdan müxtəlif problemlərə səbəb ola bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoterapevt Elmir Əkbər bildirib ki, ad insan həyatında olduqca əhəmiyyətli açar rolunu oynayır.
Onun sözlərinə görə, İslam dinində valideynin övladı qarşısındakı ən böyük məsuliyyətlərindən biri ona uyğun, mənalı və münasib ad seçmək hesab olunur ki, bu da adın nə qədər önəmli olduğunu açıq şəkildə göstərir.
Elmir Əkbər, psixoterapevt
Müxtəlif sosial layihələrdə iştirak etdiklərini deyən psixoterapevtin sözlərinə görə, bu layihələrdən biri də ibtidai sinif yaş həddini müəyyən edən bir dövlət layihəsi idi və özəl məktəblərdən birində keçirilirdi. Müsahibimiz qeyd edib ki, orada uşaqlar gələcəklə bağlı arzularını bölüşürdülər:
“Bir uşaq dedi ki, onun ən böyük arzusu 18 yaşı tamam olduqda adını dəyişməkdir. Təsəvvür edin, həmin ad uşağı nə dərəcədə narahat edirdi ki, onun ən böyük arzusu bundan ibarət olmuşdu. Bu, göstərir ki, yanlış, istehzalı və kinayəli münasibət doğuran adlar uşaqlar üçün ciddi psixoloji yüklər yarada bilər”.
Həmsöhbətimiz hesab edir ki, valideynlər ad seçimi məsələsində son dərəcə diqqətli olmalıdırlar.
E.Əkbərin fikrincə, demoqrafik qaydalara görə, hər bir yetkinlik yaşına çatmış insanın öz istədiyi ad və familiya daşımaq haqqı var. Yəni bu, dövlət tərəfindən tənzimlənə bilməz:
“Azyaşlıların adlarının seçilməyində müəyyən bir çərçivələrin olmağı doğrudur ki, valideynlərin qoyduğu yanlış ad uşaqların teleyinə bir möhür kimi mənfi təsir göstərməsin”.
Azərbaycan Milli Elmlər Akademiyası-nın Dilçilik İnstitutunun rəhbəri Sayalı xanımın fəaliyyətini yüksək qiymətləndirdiyini deyən peixoterapevt əlavə edib ki, bəzi absurd, gülünc və yersiz adların rəsmi şəkildə qəbul edilməsinin qarşısının alınmasında və bu sahədə qanunvericiliyin formalaşdırılmasında onun böyük rolu olub.
“Ad məsələsi olduqca vacib və ciddiyə alınmalı bir mövzudur. Əks halda uşaqlarda ciddi psixoloji diskomfort və narahatlıq yarana bilər”,- deyə Elmir Əkbər fikrini tamamlayıb.
Mina Mikayılova